Əsas Səhifə > Maraqlı > Leyli XXI əsrdə yaşasaydı, bakirəliyini satışa çıxarardı

Leyli XXI əsrdə yaşasaydı, bakirəliyini satışa çıxarardı


8-06-2019, 10:54
 Kəramət Böyükçöl yazır...
Təxminən, 5-6 il bundan qabaq rəhmətlik ANS-in efirində yarımçıq bir şeir demişdim. O vaxtdan bəri üç roman yazmışam, nə qədər hekayələrim, publisistik yazılarım çap olunub, amma məni ən çox o yarımçıq şeirlə tanıyırlar. Videom telefonlarda gəzir. Restoranda, kafedə, avtobusda, metroda qabağıma kim çıxır, o şeirin kef-əhvalın soruşur. Sosial şəbəkələrdə minlərlə adam o şeirin ardını məndən istəyir... Namiq Qaraçuxurlunun xalqı konteksdən çıxarılmış bu şeirə görə mənə ağzına gələni yazır, dişinin dibindən çıxanı deyir. Biri lağ edir, ələ salır, biri gülür, biri hirslənir... Guya bunların tərbiyəsini mənim ömrü yarımçıq qalmış o şeirim pozub. Guya bunların övladları mənim o şeirimə qulaq asandan sonra pis yolda düşüblər.
Dəfələrlə özümə sual verib, sonra da cavab vermişəm: niyə Azərbycanda dayaz, səviyyəsiz müğənnilər, meyxanaçılar bu qədər tanınır və sevilir? Niyə onları toylara aparırlar? Çünki insanların düşüncəsinin, təfəkkürünün qəbul və həzm etdiyi adamlar bunlardır. Çünki bu kütlə mahiyyət və potensial etibarilə o səviyyəsiz müəğənnilərin mənəvi qohumlarıdır, ruhən bir-birlərindən əmələ gəliblər. Fikir verin, mən 3 roman yazmışam, amma adamlar məni ANS-də dediyim o şeirlə tanıyır. Çünki mahiyyət etibarilə o şeirdə də Namiq Qaraçuxurlu, Nadiq Qafarzadə, Damla, Şəbnəm Tovuzlu var. Buna görə o şeir eldən-elə gəzdi, dildən-dilə dolaşdı. O şeir də bədii cəhətdən zəifdir deyə adamlara tez çatdı. O şeirdə də sənətkarlıq yoxdur deyə camaatın yaddaşında qaldı. Mən bunların yaddaşının yeddi arxa dönənin tanıyıram.
Dəfələrlə zəng eləyib məni verilişə dəvət elədilər. Bir neçə din xadimi, hüquqşünas, milli-mənəvi, əxlaqi dəyərlərə malik el ağsaqqalını çağırıb ailə mövzusunu müzakirə eləyirdilər. Qonaqlardan biri də mən idim. Studiyaya daxil olanda qəfil anladım ki, bura mənim yerim deyil. Ancaq gec idi, iş-işdən keçmişdi. Molla, hüquqşünas və başqa-başqa sahənin adamları ağız-ağıza verib ilk məhəbbətin saflığından, sevənlərin əllləri bir-birinə dəyəndə necə titrəməyindən danışırdılar. Ailə müqəddəsdir, ailəni qorumaq kişinin müqəddəs borcudur, qadın bəşəriyyətin qayınanasıdır, məhəbbət dağ havası kimi saf, təmiz duyğudur, bizim gözəl, namuslu əxlaqlı qadınlarımız var, o qadınlar öz ruhlarında Nigar cəsarətini, Həcər qeyrətini yaşadırlar və s. Bizim ağsaqqal, hüquqşünas və din xadimlərinin müasir ailə modeli haqqında məntiqləri və təfəkkürləri bu özlərdən o yana getmir. Çünki bizim ağsaqqallar da, hüquqşünaslar da, hətta psixoloqlar da mahiyyət etibarı ilə din xadimləridir. Hamısının məsləhətləri ənənəvi, klassikdir.
Mən isə bu şeiri deyib və bildirmək istəyirdim ki, nə saf məhəbbət, nə təmiz hisslər, nə əl-ələ dəyəndə...? Yoxsa bakirəliyini arxasının hesabına qoruyan qızlardan xəbəriniz yoxdur? Məcnun sevgisi bambılılıq hesab olunduğu zəmanədə hansı qızın əli oğlan əlinə dəyəndə titrəyir? Leyli XXI əsrdə yaşasaydı, əminəm ki, bakirəliyini satışa çıxaracaqdı, hansısa haramyeyənin oğlu da alacaqdı. Guya o şeirdən sonra deyəcəkdim ki, sevgi çoxdan ölüb gedib. İndi insanlar bir-birinə toxunanda cingilti səsi gəlir, elə bil dəmiri çəkiclə döyəcləyirsən. Adamlar bir-birinə sümük kimi toxunur. İnsanlar sanki, iliksiz yaşayır, hiss yox, emosiya yox, duyğu yox... Bütün gözəl hissləri satın alıblar, hər şey maddiləşib, kapitallaşıb. Elə bil hamı vəzifədədir, elə bil hamı məmurdur, hamı özünü robot kimi aparır.
Həmin verilişdə Əli Nur adında bir aktyor da vardı. Efirdə Süleyman Rüstəmin ilk məhəbbət haqqında şeirini oxudu. Ya Əli, heç hənanın yeridir? Şeir təmiz məhəbbəti Sovet üslubunda tərənnüm edirdi. Əli Nur mənim yanımda oturmuşdu. Səsindən az qaldı qulağımın pərdəsi deşilsin. Axı həqiqət pıçıltı ilə deyilir. İnanın, aradan neçə illər keçib, Əli Nurun səsi hələ də qulağımdadır. Mən ancaq doğum evlərinin yanından keçəndə o cür səs eşidirəm. Düzü, məni bir az da Əli Nurun səsi əsəbiləşdirdi və bir az da emosiyalara qapılıb, müasir həyatımızı əks etdirən və əslində, poetik cəhətdən zəif bir şeir oxudum ki, hədəfə çatsın.
Sən bir qəşəng qızıydın,
Universitetə qəbul oldun.
Əyani oxumaq istədin,
partana əyləşəndə
ilk dəfə dizlərini müəllimin gördü.
Dizlərin plyajdan daha qəşəngdi,
Yaşıdın oğlanları saya salmadın,
Quşun yaşlı kişilərə qondu...
Haradan bildin ki,
yaşlı kişilər gənc qızlara
bərk bağlanırlar
Onları itirməmək üçün
hər şeyə gedirlər.
Yaşlı qadınlar da
sütül oğlanları bərk tuturlar.
Bunu sənə inturist
mehmanxanasında
işləyən yaşlı xozeykan söyləmişdi.
Şeirin bu yerində qonaqlardan biri içini çəkir, o biri gözünü bərəldib əlini ağzına aparır. Guya görməyiblər. Guya Azərbaycan universitetlərində müəllimi ilə sevişən tələbə yoxdur. Guya arvadı ölmüş yaşlı və imkanlı kişilər gənc qız axtarmır və guya gözəl və gənc qızlar başını piyləmək üçün o cür imkanlı kişidən ötrü sinov getmir. Verilişdə iştirak edən qonaq müğənni guya bilmir ki, yaşlı qadınlar sütül oğlanları bərk tuturlar? Hardan bilsinlər? Heç bilirsinizmi nə qədər adam o şeirin ardını məndən istəyib? Niyə istədiklərini də bilirəm. Damlanı, Şəbnəm Tovuzlunu, Afət Fərmanqızını söyə-söyə bir saatına 10 min verib toyda oxudan xalqıq. Həm söyürlər, həm də istəyirlər. Xoşqədəmlərə, Zaurlara həm söyürlər, həm də baxırlar. Manaf Ağayevə həm lağ edirlər, həm də toylarına çağırırlar.
Nəysə ki, şeiri yarımçıq kəsdilər, verilişin aparıcısı Elgiz müəllim axıracan oxumağıma imkan vermədi və mən də bu hərəkəti özümə qarşı hörmətsizlik hesab edib verilişi tərk etdim. Belə də lazım idi. Efirdən çıxanda məni tanıyan bütün insanlardan bu verilişə gəldiyimə görə üzr də istədim. Ancaq mən bu şeirlə başda Əli Nur olmaqla bütün qonaqlara demək istəyirdim ki, mən də bilirəm məhəbbət gözəldir, safdır, təmizdir. Mən də bilirəm ki, məhəbbətlə yaşamaq lazmdır, insan içini ancaq sevgiylə təmiz saxlaya bilər. Amma cəmiyyət, mühit, həyat o təmiz məhəbbəti kənddən kafeyə necə gətirir, kənddən bara, gecəsi 50 manata necə çıxarır, şeir onu demək istəyir.
Təsadüfi deyil ki, şeirin sonuncu misrası belədir:
“Mən zamanın qızıyam, köynəyi qırmızıyam”. \\Oxu.a
Geri qayıt