Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrinin inkişafı

 

1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv qəbul olunub. Həmin tarixdən başlayaraq Azərbaycan Respublikası milli əmək və sosial müdafiə qanunvericiliyinin təkmilləşdirilməsini, institusional inkişafı, sosial tərəfdaşların potensiallarının artırılmasını, məşğulluğun təşviq edilməsini nəzərdə tutan BƏT-in müxtəlif texniki yardım proqramlarından faydalanmaq imkanı əldə edib.

Azərbaycan Respublikası BƏT-in 58 Konvesiyasını ratifikasiya edib. Bu Təşkilatın Azərbaycan Respublikasındakı üç əsas tərəf-müqabili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) ibarətdir.

Beynəlxalq Əmək Təşkilatları ilə hüquqi müstəvidə olan əlaqələr

1994-1995-ci illərdə BƏT əmək qüvvəsi sorğusuna dair pilot layihənin işlənib hazırlanması və icra olunmasında Azərbaycan Hökumətinə köməklik göstərib. Gələcəkdə BƏT-in beynəlxalq səviyyədə tanınmış metodologiyasına əsaslanan əmək qüvvəsi sorğularının ölkə səviyyəsində həyata keçirilməsi üçün əsaslı baza yaratmaq məqsədilə Dövlət Statistika Komitəsinə kömək göstərmək baxımından BƏT-in BMTİP-lə yaxından əməkdaşlıq etməsini nəzərdə tutan bu layihə vahid yanaşmaya aid yaxşı bir nümunə hesab olunurdu. Dövlət Statistika Komitəsi əmək qüvvəsi sorğularını hər kvartal həyata keçirir. 1997-1998-ci illərdə BƏT Naxçıvan Muxtar Respublikasında, Ağdam və Səlyan rayonlarında özünəməşğulluq layihəsini uğurla həyata keçirib.

Nəticədə təlim keçmiş və müxtəlif ixtisaslara yiyələnmiş 300 nəfər fərdi əmək fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2005-2006-cı illərdə BƏT İsmayıllı rayonunun kənd yerlərində yolların bərpa edilməsi bacarıqlarına dair təlimlərin keçirilməsində köməklik göstərib. Əmək idarəçiliyi sahəsinə gəldikdə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaradılması, o cümlədən, işçilərin təlimləndirilməsi və Xidmətin təşkilati strukturunun işlənib hazırlanması ilə əlaqədar BƏT tərəfindən Azərbaycan Hökumətinə köməklik göstərilib.

BƏT-tin tövsiyələrini nəzərə almaqla işlənib hazırlanmış Azərbaycanın Əmək Məcəlləsi 1999-cu il yanvarın 1-də qəbul edib. Əmək Məcəlləsinin qəbul edilməsi milli əmək qanunvericiliyinin beynəlxalq əmək standartlarına uyğun təkmilləşdirilməsi istiqamətində vacib addım hesab olunur. BƏT-in MDB ölkələri üçün nəzərdə tutulmuş və 2013-2016-cı illərdə həyata keçirilmiş “Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” Layihəsi çərçivəsində bir sıra vacib tədbirlər Azərbaycanda icra olunub. BƏT artım və məşğulluq perspektivlərinin makroiqtisadi aspektlərinə dair tədqiqat aparıb, Dövlət Məşğulluq Xidmətinin (DMşX) əməkdaşları üçün təlimlər təşkil edib, özünəməşğulluq və əmək haqqlarının subsidiya şəklində ödənilməsi proqramlarının yerinə yetirilməsində DMşX-ya kömək göstərib və qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı məsələlərlə əlaqədar olaraq əsas tərəf-müqabilləri ilə əməkdaşlığa başlayıb.

2016-cı ilin sentyabr ayında BƏT və bu təşkilatın əsas tərəf-müqabilləri – Azərbaycan Respublikası Hökuməti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramını imzalayıblar. 2016-cı il sentyabrın 30-da ilk milli üçtərəfli qurum olan İqitsadi və Sosial məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb.
“Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” Layihəsi Məşğulluq Strategiyası (2017-2030-ci illər) Azərbaycan Respublikası Hökumətinə təqdim olunub. Sözügedən layihə DİM-lərin, xüsusən də layiqli əmək və məhsuldar məşğulluq üzrə 8-ci DİM-in Azərbaycan Respublikasında yerinə yetirilməsi üçün BƏT ilə BMTİP arasında əməkdaşlığa zəmin yaradıb.

Əməyin gələcəyi proyektləri əsasında ortaq fəaliyyətlər

Bütün bunlarla yanaşı, Azərbaycan BƏT-in “Əməyin gələcəyi” Təşəbbüsünə qoşulub. 2017-ci il martın 17-də Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial tərəfdaşların, hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyası da daxil olmaqla elmi dairələrin, habelə özəl sektor nümayəndələrinin iştirakı ilə ilk panel müzakirələrini keçirib. 2017-ci il martın 29-da Bakı şəhərində keçirilmiş “Əməyin gələcəyi” Təşəbbüsünə həsr olunmuş tədbirdə həmin panel müzakirələrin nəticələri təqdim olunub. 2017-ci il iyunun 12-də Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində keçirilmiş 106-cı sessiyasında Azərbaycan BƏT-in İnzibati Şurasının 2017-2020-ci illər üçün üzvü seçilib.
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial təminat sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir.
Bununla bağlı olaraq nazirlik müxtəlif ölkələrin aidiyyatı qurumları və mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq həyata keçirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dünyanın 30-a yaxın ölkəsinin, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Niderland, İsveç, Macarıstan, İtaliya, Bolqarıstan, Latviya, Gürcüstan, Türkmənistan, Belarus, Əfqanıstan, Özbəkistan, Moldova, Tacikistan və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələr qurularaq inkişaf etdirilir.

İndiyədək Nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 50-yə yaxın Hökumətlərarası və Nazirliklərarası Saziş, Protokol, Memorandum və Proqram imzalanmışdır. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiya iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rola malikdir. 2018-ci ildə Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Birgə Daimi Komissiyanın 9-cu iclası keçirilmiş və iclasın yekunu olaraq gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalanmışdır.

Belarusla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələri genişlənir. 2018-ci ilin noyabr ayında prezident İlham Əliyevin Belarusa rəsmi rəsmi səfəri çərçivəsində 19 noyabr 2018-ci il tarixdə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Bu sənədlərdən biri kimi, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Belarusun əmək və sosial müdafiə naziri İrina Kosteviç “Azərbaycannın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarusun Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu” imzalamışlar.

Prezident İlham Əliyevin 2018-ci ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilib. Sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri təyin olunub. 2018-ci ilin noyabr ayında Buxarest (Rumıniya) şəhərində Müştərək Komissiyanın 5-ci iclası keçirilib. İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əlaqələrin mövcud vəziyyəti, bu sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub, təkliflər səsləndirilib. Yekunda Müştərək Komissiyanın 5-ci iclasının nəticələrinə dair Protokol imzalanıb.

Beynəlxalq əmək müqavilələri və inkişaf yolu

2018-ci ilin sentyabr ayında Astanada (Qazaxıstan) “Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən regional konfransda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri konfrans çərçivəsində bu ölkənin  əmək və əhalinin sosial müdafiəsi naziri ilə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğu vurğulanaraq, “Azərbaycan və Qazaxıstan arasında pensiya təminatı sahəsində Saziş” layihəsinə də hazırda baxılmaqda olduğu qeyd edilmişdir.

Ayrı-ayrı ölkələrlə əməkdaşlıq əlaqələrinin uğurlu davamı kimi, 2019-cu ilin may ayında Rusiyanın Əmək və Sosial Müdafiə nazirinin ölkəmizə səfəri çərçivəsində ““Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiyanın  Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, 2019-cu ilin oktyabr ayında Litvanın Sosial Təminat və Əmək nazirinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycanın  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litvanın Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Saziş”, 2019-cu ilin noyabr ayında Bolqarıstanın Əmək və Sosial Siyasət nazirinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Hökuməti ilə Bolqarıstan Hökuməti arasında pensiya təminatı haqqında Saziş” imzalanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT, İƏT, BƏT, BMT-nin İnkişaf Proqramı (BMT İP), Dünya Bankı (DB), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (UNİCEF), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK), Avropa İttifaqının TACİS Proqramı, EuropeAid və BQXK ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə müşahidə olunur və ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}