Gəncə Dövlət Universitetində ara qarışıb

 

Gəncə Dövlət Universitetini ağuşuna almış son dərəcə qarışıq olaylar barədə aktualxeber.az saytında dəfələrlə tənqidi məqalələr dərc edilmişdir. Bu məqalələr ictimai müzakirəyə təqdim etdikcə GDU əməkdaşları və tələbələr tərəfindən redaksiyaya silsilə xarakterli yeni məlumatlar daxil olmaqdadır.
Şəffaflıq.az aktualxeber.az-a istinadən onlardan bir neçəsini oxucuların diqqətinə çatdırır.

Məlumdur ki, payız imtahan sessiyasının başlanmasına az müddət qalıb. Bu günlərdə Gəncə Dövlət Universitetində cərəyan edənlər isə heç də ürəkaçan deyil. Universitet bir sıra müəllimlər və tələbələr arasında yaşanan dava-dalaşların, qovğaların meydanına çevrilmişdir. Rüşvətxorluq hallarının imtahan sessiyası ərəfəsində universitet rəhbərliyinin ayrı-ayrı qütblərində daha da güclənməsi, o cür hallara qarşı əməkdaşların kəskin etirazı ilə qarşılanır. Rektor Yusif Yusibov isə nəzəri bu proseslərdən yayındırmaq üçün guya sessiya ərəfəsində işlərin şəffaf şəkildə icra olunacağına dair yalan vədlər verir. Əksinə, rüşvət mexanizminin icraçıları olan ayrı-ayrı fakültə dekanlıqlarının nümayəndələri bu proseslərin icrası üçün dəstəyin birbaşa rektor tərəfindən onlara verildiyini amiranə şəkildə bildirməklə əməkdaşların və tələbələrin narazılığını sanki ciddiyə almadıqlarını göstərməklə məşğuldurlar. Bu şərait isə ondan qaynaqlanır ki, ali təhsil müəssisəsi artıq idarəedilməz həddə gəlib çatmışdır.
Son illərdə universitet əməkdaşları və tələbələr arasında polis müdaxiləsi ilə sonuclanan belə biabırçı olayların çox müşahidə edildiyini də nəzərə alsaq, bu ali təhsil ocağında vəziyyətin nə dərəcədə ağır olduğu aydınlaşar. Son bir neçə gündə GDU-nun Filologiya fakültəsində iki tələbə qız arasında yaşanan dava-dalaş da hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan sakitləşmədi. Tələbələrdən birinin digərinə təhqiramiz ifadələr ünvanlanmasından yaranan bu hadisə ətrafında məsələ müvafiq orqanlar tərəfindən araşdırılmaqdadır. Görünən isə budur ki, bütünlüklə universitetdə özbaşınalıq, xaos hökm sürür. Əcaba, bu təhsil ocağının divarları arasında baş verən biabırçı hadisələrin qarşısını almaq üçün müvafiq qurumlar nədən heç bir tədbir görmürlər?! Görəsən baş verən son olaylardan sonra Təhsil naziri Ceyhun Bayramov həmişəki kimi rektora “gözün üstə qaşın var” belə deməyəcək? Cəzasızlıqdan ruhlanan Y.Yusibov isə yeni korrupsiya mexanizmləri hazırlamaqdadır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}