“BU, BİZİM ƏRAZİ, BİZİM TARİXİMİZDİR” – Bir monastır postsovet sərhəd problemlərini necə əks etdirir...

 


Umberto Bacci

“Reuters”, 04.09.2019

Gürcüstanın cənub-şərqindəki qayalı bir silsilə üzərində qurulmuş qədim monastırın yaxınlığında dayanan silahlı sərhədçilər əraziyə gələn turistləri diqqətlə izləyir və çox yuxarı qalxmaq istəyənləri dayandırırlar.

Silsilənin əks yamacında, Udabno kəndindən 10 kilometr aralıda divarlarında min illik dini freskalar olan dağ mağaraları yerləşir.

Lakin aprel ayının sonundan etibarən Gürcüstan və Azərbaycan arasındakı sərhəd mübahisəsinə görə bura giriş məhdudlaşdırılıb.

“Bu, Gürcüstanın ən vacib dini mərkəzlərindən biridir, – girişin bağlanmasına etiraz edən 42 yaşlı gürcü idmançısı və aktyor Davit Katsarava deyib. – Bu, bizim ərazimiz, tariximizdir, amma təəssüf ki, azərbaycanlılar başqa cür düşünürlər”, – deyə o, monastıra səfəri zamanı bildirib.

Müstəqillik qazandıqdan təxminən 30 il sonra iki keçmiş sovet respublikası ortaq sərhədlərin təxminən üçdə birinin harada yerləşməsi ilə bağlı hələ razılığa gəlinməyib və David Qareca monastır kompleksi mübahisələrin əsas səbəblərindən biridir.

Sərhəd problemləri Sovet İttifaqının 1991-ci ildə dağılmasından və onun daxili sərhədlərinin bir çox yeni dövlətlərin xarici sərhədlərinə çevrilməsindən sonra ortaya çıxıb və miras aldığı sərhədlər çoxlarının başağrısına çevrilib.

“Buradakı 1 kilometr, ya oradakı 1 kilometr sovet dövründə o qədər də əhəmiyyətli deyildi, çünki hamısı bir ölkəydi”. Bunu Brüsseldə yerləşən “Carnegie Europe”-ın baş elmi işçisi Tomas de Vaal deyib.

Gürcüstan və Azərbaycan xarici işlər nazirlikləri şərh istəklərinə cavab verməyib.

Qırğızıstan, Özbəkistan və Tacikistan, Orta Asiya əhalisinin demək olar ki, dörddə birinin yaşadığı böyük kənd təsərrüfatı bölgəsi olan Fərqanə vadisində sərhədlərini razılaşdırmaq üçün üç çərək boyu mübarizə aparıblar.

Bölgəni əhatə edən anklavlara dair mübahisələr uzun müddətdir davam edir, torpaq və iqlim dəyişikliyi səbəbiylə azalan suya görə mübahisələr bəzən şiddətlənir.

Bu ilin əvvəlində tacik və qırğız kəndliləri arasında baş verən qarşıdurmalarda ən azı 3 nəfər həlak olub.

Tomas de Vaalın sözlərinə görə, sərhədlərin nisbətən az mürəkkəb olduğu bölgələrdə və bəzən, adətən, mehriban qonşular arasında da mübahisələr meydana gəlir.

2014-cü ildə Rusiya və Estoniya 20 ildən çox davam edən mübahisələrdən sonra ortaq sərhədlərə dair mövqelərini ortaya qoyub, lakin kiçik bir torpaq mübadiləsi daxil olan müqavilə hələ tətbiq edilmir.

De Vaal da əlavə edib ki, Gürcüstanın separatçı bölgəsi olan Abxaziya ilə kiçik bir sərhəd kəndin mülkiyyətinə dair mübahisələr var, halbuki Abxaziya məhz Moskvanın maliyyə və siyasi dəstəyinə arxalanır.

“Gürcüstan və Azərbaycan 1996-cı ildə iki ölkə arasındakı 480 km-lik (300 mil) sərhədi demarkasiya etmək üçün birgə komissiya qurub”. Bu sözləri paytaxt Tbilisidə yerləşən Gürcüstan Siyasət İnstitutunun (GIP) rəhbəri Kornelya Kakaçiya deyib. “Lakin bunun təxminən 70% -i barədə razılığa gəldikdən sonra tərəqqi 2000-ci illərin ortalarında dayanıb”.

Kakaçiya qeyd edib ki, Tiflisdən 60 km cənub-şərqdə, təxminən 35 km məsafədə yerləşən bir dağın yamaclarında 6-cı əsrə aid David Qareca monastır kompleksi danışıqlar prosesində mübahisənin məhək daşına çevrilib.

Kompleks xristian-pravoslav Gürcüstan üçün vacib dini məkandır, lakin sovetlər onun bir hissəsini əsasən müsəlman ölkəsi olan Azərbaycana veriblər.

Kakaçiya deyir: “O vaxt, kommunizm dövründə heç kim kilsə və monastırlara əhəmiyyət vermədiyi üçün onlara lazımi qayğı da göstərilməyib. Gürcüstan və Azərbaycan müstəqil olana qədər bu problem deyildi”.

İki ölkə, adətən, ziyarətçilərin monastr ətrafında sərbəst gəzməsinə icazə verib, lakin gərginliklər zaman-zaman alovlanır və rahibələrin, dindarların və turistlərin qəzəbinə səbəb olur.

Ən son böhran aprel ayında, Azərbaycan mediasında Gürcüstan prezidenti Salome Zurabişvilinin əraziyə baş çəkməsi üçün “açıq qisas” adlanan sərhədi bağladığı zaman baş verib.

Sərhəd o vaxtdan fasilə ilə açılır.

Giriş məhdudiyyəti gürcü ruhanilərinin və millətçilərinin, o cümlədən iyul ayında baş verən etiraz aksiyalarına səbəb olub və Azərbaycan sərhədçiləri ilə etirazçılar arasında mübahisə yaranıb.

Dostluq münasibətləri və güclü iqtisadi əlaqələri olan Tiflis və Bakı sakinləri sakitləşməyə və delimitasiya danışıqlarını başlamağa çağırış edib.
“Ancaq sərhəd mübahisəsinə asan həll yolu yoxdur”, – Kakaciya bildirib.

O deyir ki, torpaq mübadiləsi gürcüləri məmnun edəcək, lakin Azərbaycan ərazinin hərbi-strateji əhəmiyyətini əsas gətirərək keçmişdəki oxşar tənzimləmədən imtina edib.

Kakaçiya qeyd edib ki, hər hansı bir torpaqdan imtina qonşu Ermənistanla uzun müddətdir davam edən Qarabağ mübahisəsində də rəsmi Bakının mövqeyini sarsıda bilər.

Bəzi azərbaycanlı tarixçilər Azərbaycanın köklərini Qafqaz Albaniyasına bağlayır və deyirlər ki, David Qareca monastırını onlar inşa edib; üstəlik albanlar Dağlıq Qarabağda, indiki Azərbaycanın daxilindəki, etnik ermənilərin nəzarətində olan bir anklavda yaşayıblar.

“Bakı üçün sərhədi yenidən nəzərdən keçirmək üçün hər hansı bir cəhd qəbuledilməzdir. Bu, zəncirvari reaksiya verə bilər, – deyə azərbaycanlı müstəqil siyasi analitik İlqar Vəlizadə elektron poçtla bildirib. – Azərbaycan cəmiyyəti üçün… sərhədlərin konfiqurasiyasını dəyişdirmək naminə edilən hər cür cəhd düşmən addım kimi görünür”.

De Vaalın fikrincə, monastırın bir hissəsi üçün iddialardan imtina Tiflis üçün də siyasi baxımdan təhlükəlidir, çünki belə bir addım millətçiləri və güclü pravoslav kilsəsini qəzəbləndirə bilər.

Abxaziya və Cənubi Osetiyada Rusiya hərbi qüvvələrinin yerləşməsinin tez-tez xalqın qəzəbinə səbəb olduğu bir ölkədə Gürcüstan ərazisinə xarici nəzarət xüsusilə həssas məsələdir.

İctimai fəal Katsarava deyir: “Hökumətimiz monastırdan imtina etsə… inqilab olacaq”.

Kakaraçiya isə deyir: “Mümkün çıxış yolu müvəqqəti bölmə sazişi ilə problemi 10 və ya 20 il təxirə salmaq olardı. Amma ehtiraslar soyumayana qədər buna nail olmaq çətindir”.

Bu arada, “Kartveli Tours” turizm agentliyinin təsisçisi İrakli Şengeliya şirkətin əsasən David Qareciyə ziyarətin təşviqini dayandırdığını söyləyib. O, monastırın bir hissəsinə girişin bağlanmasına görə turistlərin planlarını ləğv edəcəyini güman edib.

Şengeliya deyib: “Bu, adamı əsəbiləşdirir. O, Gürcüstanda və bəlkə də dünyada heç yerə bənzəməyən çox unikal bir yerdir. Həqiqətən, ümid edirik ki, bu məsələ tezliklə həllini tapacaq”.

Tərcümə: Strateq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}