Professorun oğluna hökm oxundu - O, dələduzluqda ittiham edilir

 

Bakı Dövlət Universitetinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımovun oğlu Azər Qasımov növbəti dəfə hakim qarşısına çıxarılıb. O, dələduzluqda və rüşvət verməyə təhrik etməkdə ittiham edilir.

Şəffaflıq.az musavat.com-a istinadən xəbər verir ki, Azər Qasımovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılıb. Sonuncu məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Azər Qasımov 4 il 6 ay müddətinə azadləqdan məhrum edilib.

Zərərçəkmişlərlə barışığın əldə edilməsi, himayəsində azyaşlı övladlarının olması yüngülləşdirici hal kimi nəzərə alınıb. A.Qasımov əməlindən peşmandır və özünü qismən təqsirli bilir.

Xatırladaq ki, prokuror Azər Qasımovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihamda yazılır ki, Azər Qasımov Fatimə İsmayılovanın həbsdə olan oğlu Vüqarın işini həll etməyi, onu azadlığa çıxarmağı vəd edib. Bu məqsədlə ondan ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə pul alıb.

Məhkəmə prosesində məlum olub ki, Fatimə İsmayılovanın oğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilib. Ana oğlunun şərləndiyini və onun günahsız olduğunu deyib. Bildirib ki, oğlunu azadlığa çıxarmaq üçün Azərin dedikləri ilə razılaşıb.

İşin maraqlı tərəfi budur ki, Azər Fatimə İsmayılovanı inandırıb ki, oğlunu şərləyənləri ifşa edəcək. Belə ki, Azər Fatimə İsmayılovanın oğlu Vüqarın işindəki zərərçəkmiş qızın yalan danışdığını ekspertizada xüsusi cihaz vasitəsi ilə sübut edəcəkmiş...

İsmayılova deyir ki, Vüqara 12 il həbs cəzası veriləndən sonra aldadıldıqlarını başa düşüblər. Bundan sonra Azər Qasımovdan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Məhkəmədə ifadə verən Fatimə İsmayılova demişdi ki, Azər Qasımova oğlunun həbsdən buraxılmasından ötrü bir neçə dəfəyə ümumilikdə 25 min manat pul verib: "Azər müəllim qaynımın qonşusudur. Deyirdi ki, lazım olan yerlərdə tanışları var, bizə kömək edəcək. Bir oğlum var, onu şərləmişdilər, nə desəydi, razılaşırdım. Konkret nə vaxt, nədən ötrü və nə qədər pul verdiyimi xatırlamıram".

Amma hakim xatırladıb ki, Fatimə İsmayılova istintaqda bu haqda kifayət qədər ətraflı danışıb.

F.İsmayılova istintaqda bunları deyib: "Azər birinci dəfə Vüqar yeni həbs olunan vaxtda polis idarəsinə onu çəkmək üçün telekanalların gəldiyi dedi. Bunun qarşısını almaqdan ötrü müstəntiqə 1000 manat verilməli olduğu bildirdi. Mən onda 600 manat verdim. Sonra Maştağadakı psixiatriya klinikasından rəy almaq üçün 2300, ekspertizanın onun xeyrinə rəy verməsindən ötrü 5000 manat pul aldı. Bir müddət sonra təkrar ekspertiza adıyla 4500 manat da verdim. Sonra dedi ki, artıq istintaqı Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Bu idarənin müstəntiqinə 10 min manat vermək lazımdır. Mən çətinliklə 9600 manat düzəltdim. Dedi ki, 9500-nü verdim, üstündən 100 manat özüm borc götürdüm. 500 manat idarəyə borclu qaldıq. Sonradan bildik ki, iş heç vaxt o idarəyə getməyib. Az sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gəldi. Onda da dedi ki, məhkəmənin təkrar ekspertiza təyin etməsi üçün 5000 manat lazımdı. O qədər düzəldə bilmədik, 3800 manat verdik".

Suallara cavab verən F.İsmayılova deyib ki, bu məbləğləri banklardan götürülən kreditlərlə, qohumlarının qızıllarını girov qoymaqla lombarddan götürülən pullar hesabına düzəlib. Fatimə İsmayılovanın dediyindən məlum olub ki, Azər Qasımov onları aldatmaq, yalanlara inandırmaq üçün müxtəlif üsullardan istifadə edib. Belə ki, Azər müxtəlif dövlət orqanlarının, ekspertiza idarələrinin binalarına gedərkən özü ilə İsmayılovları da aparıb. Orada onları gözlədərək həmin idarələrə daxil olub və inandırmağa çalışıb ki, vəzifəli şəxslərlə əlaqələri var.

Qeyd edək ki, A.Qasımov Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 32.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham edilir. Azər həbs edilən zaman Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə müvəkkili olub. Onun əməlləri barədə DİN rəhbərliyinə məlumat verilib və o, işdən azad edilib.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}