Aran rayonlarında 100 min hektar taxıl sahələrinə ziyan dəyib


 

Quraqlıq və su çatışmazlığının təsir etdiyi ən böyük sahələrdən biri də kənd təsərrüfatıdır. Ölkə üzrə su istehlakının 80 faizə yaxını məhz kənd təsərrüfatının payına düşür.

Şəffaflıq.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Nazir bildirib ki, bu ilin əvvəllərindən havaların quraq keçməsi, yağıntıların miqdarının azalması, əkin balansının əsas hissəsini təşkil edən taxılın becərilməsində problemlər yaradıb.

“Mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, bir sıra, xüsusilə aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəymişdir. Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlıq keçmiş ərazilər səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az olub”-deyə, nazir qeyd edib.

Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimovla Prezident İlham Əliyev arasında dialoq baş tutub.

Prezident İlham Əliyev: Nə qədərdir bu gün?

İnam Kərimov: Cənab Prezident, bu il 90 faiz biçilib, 1 milyon 800 min ton buğda yığılıb və buğda istehsalı təxminən 1 milyon 900 min ton ətrafında gözlənilir.

Prezident İlham Əliyev: Məhsuldarlıq nə qədərdir?

İnam Kərimov: Bu günə faktiki yığılmış ərazilərdən məhsuldarlıq 31,3 sentner olub.

Prezident İlham Əliyev: Keçən il də təqribən 32 sentner idi?

İnam Kərimov: Bəli, 32, 31,7 sentner.

Prezident İlham Əliyev: Düşüb, amma bu tənəzzül o qədər də kritik deyil. Əgər su təminatı yaxşı olsaydı, daha çox məhsuldarlıq ola bilərdi.

İnam Kərimov: Cənab Prezident, bir məsələni qeyd edim ki, burada faktiki yığılan ərazilər götürülüb, yəni hansı ərazilərdə ki, məhsul yığılmayıb, bu statistikaya daxil edilməyib.

Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir. Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Pambıq əkinləri üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması hələ də başa çatmayıb. Eyni zamanda, bu günə 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır.
шаблоны для dle 11.2


Facebook-da paylaş