"Azərbaycan Qarabağla bağlı hansı addımları atacağını özü seçəcək" - RƏY


“Azərbaycan Qarabağla bağlı hansı addımları atacağını özü seçəcək”.

Bunu “Report”a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

O, sülh müqaviləsi ilə bağlı Bakı və İrəvan arasında ilkin razılaşmanın əldə olunduğunu xatırladıb.

Politoloqun sözlərinə görə, tərəflər arasında gərginlik yarada bilən xüsusi bir məqam yoxdur: “Əsas məsələ Ermənistanın bizim ərazi bütövlüyümüzü tanımasıdır. Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmilər bunu dəfələrlə dilə gətiriblər. Növbəti məqam isə nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Bu məsələ ilə bağlı da rəsmi İrəvanın müsbət açıqlamalarını bir neçə dəfə görmüşük”.

Ə.Əlibəyli bildirib ki, indi əsas məsələ Qarabağla bağlıdır: “Hər iki tərəfin gözləntisi bu məsələ ətrafındadır. Azərbaycan Qarabağla bağlı hansı addımları atacağını özü seçəcək. Əlbəttə, növbəti anti-terror əməliyyatı ehtimalı da istisna deyil. İndi əsas “düyün” Qarabağla bağlıdır. Bu “düyün açıldıqdan” sonra xüsusi bir problem qalmır. Bundan sonra sülh prosesinə keçid kifayət qədər realdır”.


Politoloqun fikrincə, Qarabağla bağlı məsələlər yarımçıq qaldıqca sülh mümkün deyil: “Əks halda Ermənistan bizim daxili işlərimizə müdaxilə imkanı əldə etmiş olar. Sözsüz ki, buna imkan verməməliyik. Bu isə o deməkdir ki, Azərbaycan sülh müqaviləsindən əvvəl Qarabağdakı etnik ermənilərlə məsələni həll etməlidir. Etnik ermənilər ya vətəndaşlığımızı qəbul etməli, ya da torpaqlarımızdan çıxmalıdırlar. Bundan başqa, terrorçular da torpaqlarımızı tərk etməlidir. Yalnız bundan sonra sülh barədə danışmaq olar”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesindən danışıb. Dövlət başçısı deyib ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir.

Azərbaycan lideri həmçinin Ermənistan tərəfindən konstruktiv yanaşma görünəcəyi, ən vacibi isə onların Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoyacaqları təqdirdə tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapmağın mümkünlüyünü söyləyib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}