Əliyev-Paşinyan görüş günü müdafiə nazirinin “hazır olun” əmri - ŞƏRH


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kişineuda keçiriləcək görüşə saatlar qalmış müdafiə naziri Zakir Həsənovun Ordunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə görüşündə verdiyi tapşırıqlar təsadüf sayıla bilməz.

Həsənovun tapşırıqlarında vacib xətt:

- Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni separatçıların yarada biləcəyi təxribatın qarşının alınmasına hazır olsunlar. Bu, mümkün antiterror əməliyyatlarının anonsu hesab edilə bilər.  

Paralel olaraq Azərbaycan-Ermənistan sərhədindəki əməliyyat şəraiti təhlil edilib.

Əliyev-Paşinyan görüşü günü Müdafiə Nazirliyinin bir daha şərti sərhəd ifadəsindən istifadə etməsi “danışıqlar nəticəsiz qalarsa, Ordumuz döyüş tapşırıqlarını icra edəcək” mesajının əyanıdır.

Moldovanın paytaxtındakı danışıqlarda Paşinyanı, müzakirələrin digər iştirakçılarını Azərbaycanın real hərbi güc tətbiq etməsinə inandırmaq üçün Müdafiə Nazirliyinin yaydığı informasiya yaxşı psixoloji təzyiqdir.

Danışıqlar günündə Ermənistan Tovuz istiqamətində, erməni separatçılar isə Şuşa, Xocavənd istiqamətə təxribat törədiblər.

Kişineu müzakirələrindən çıxan nəticələr Azərbaycanın atacağı addımların səmtini müəyyən edəcək:

- Paşinyan Əliyevin şərtlərini qəbul edib boynuna öhdəlik götürsə, Bakı danışıqların tempini saxlayacaq,

- Paşinyan nala-mıxa vurub İrəvanın sülh üçün müvazinətini itirdiyini göstərsə, Azərbaycan Ordusu görüşdən sonra dövriyyəyə girə bilər.

İlham Əliyevin bir neçə gün öncə Laçından səsləndirdiyi bəyanatlar fonunda güc tətbiqi amili aktuallıq qazanır.

Kişineudakı görüşdə Avropa İttifaqının Prezidenti Şarl Mişeli Fransa lideri Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts müşayiət edəcək.

Onlar Azərbaycanı hərbi ssenaridən çəkinməyə çağırış edə bilərlər, lakin Bakı həm hərbi şəraitlə, həm də informasiya əməliyyatları ilə ordu amilinin həllediciliyini göstərməkdə israrlıdır.

Görüşdə danışılacaq məsələlər fonunda Paşinyanın şərtlərin hansı həcminə razı olduğundan çox şey asılı olacaq.

Aqşin Kərimov

Şəffaflıq.az                        


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}