Millət vəkili Tamam Cəfərova Vətən müharibəsinin şəhidi Mikayılov Ramiq Namiq oğlunun Bakıda yaşayan həyat yoldaşını və 6 yaşlı oğlunu ziyarət edib.-FOTO

Millət vəkili Tamam Cəfərova iyun ayının 5-də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidimiz Mikayılov Ramiq Namiq oğlunun Bakıda yaşayan ailəsini: həyat yoldaşını və 6 yaşlı oğlunu ziyarət edib.
 Şəffaflıq.az xəbər verir ki, Mikayılov Ramiq Namiq oğlu 25.01.1993-cü ildə Şamaxı rayonu, Ovçulu kəndində anadan olub. 2000-ci ildə Babacan Əliyev adına Ovculu kənd orta məktəbinin birinci sinfinə, səkkizinci sinifdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub, Mikayılov Ramiq sonradan Heydər Əliyev adına Ali Hərbi məktəbə (AAHM) qəbul olub və 2014-cü ildə AAHM-dən məzun olub. Baş leytenant Mikayılov Ramiq Namiq oğlu Ağdam rayonu “N” saylı hərbi hissədə qərargah rəisi vəzifəsində çalışıb. Son nəfəsinə kimi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda əzm və şücaətlə döyüşüb, 30 sentyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 
Tamam Cəfərova şəhid ailəsinin problemləri ilə maraqlanıb. Şəhidin həyat yoldaşı Könül Mikayılova dövlətin onlara qayğısından çox razı olduğunu bildirib. Beləki, şəhidin övladı Kaspi liseyinə qəbul olub və "YAŞAT "Fondunun təşəbbüsü ilə Kaspi liseyi şəhidin övladını təhsil haqqından azad edib. Onların evlə təmin olunması üçün müvafiq dövlət qurumları tərəfindən addımlar atılıb və yaxın zamanlarda Xocasəndə şəhid ailələri üçün nəzərdə tutulmuş binalarda ev veriləcəyi bildirilib.
Millət vəkili Tamam Cəfərova şəhid ailəsinə bildirib ki, Vətən müharibəsində əldə olunan şanlı qələbəmiz, cənab Prezident İ.Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin həyatı, qanı bahasına mümkün olub və şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daima yaşayacaq. Deputat şəhid ailələrinin daima dövlətin qayğısıilə əhatə olunduğunu və şəhid ailələrinin qayğılarının hər zaman diqqətdə olduğunu da xüsusi vurğulayıb və bütün şəhidlərimizə rəhmət, ailə üzvlərinə və yaxınlarına səbr diləyib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}