ABŞ və Rusiya kosmosda da qarşıdurmaya gedir

 

Vaşinqtonla Moskva arasında soyuq savaş İkinci Dünya Müharibəsindən bəri davam edir. Əvvəlcə ABŞ və SSRİ kəllə-kəlləyə gəlirdi. Sovet respublikaları müstəqillik əldə edəndən sonra Rusiya ənənənin davamını gətirdi.

Şəffaflıq.az xəbər verir ki, ABŞ və Rusiya kosmosda da yola getmir. “Politico”nun yazısında bundan danışılıb. ABŞ-ın siyasi nəşri Vaşinqtonun yüksəkvəzifəli məmurunun fikrinə yer verib. Onun sözlərinə görə, iki böyük ölkə kosmosda münasibətləri qaydasına salmaq üçün nümayəndələrin xüsusi görüşünü təşkil edib.
“Görüş təklifi Vaşinqtondan gəlib. Texniki səviyyədə müzakirə aparılıb. Ölkələrin Beynəlxalq Kosmik Stansiyada mülki proqramlar çərçivəsində əməkdaşlığına baxmayaraq, ABŞ və Rusiya kosmosda çox üz-üzə gəlib”, - məqalədə belə deyilir.
“Politico” yazır ki, 2020-ci ilin fevralında kosmik əməliyyatların rəhbəri Cey Reymond həyəcan təbili çalmışdı. O, bir sıra Rusiya peyklərinin ABŞ kosmik aparatlarını izlədiyini açıqlamışdı. Reymond bunu qeyri-adi və narahatedici situasiya adlandırmışdı. General rusların keçən ilin iyulunda orbitdə obyektlərin partladılması üçün silahların sınağını da qınamışdı.
“Rusiya ilə müzakirələrdə ABŞ-ı kimlərin təmsil etdiyi dəqiq bilinmir. Hər halda, Vaşinqton beynəlxalq ictimaiyyətlə kosmosda məsuliyyətli davranışla bağlı əməkdaşlığa hazır olduğunu göstərir”, - amerikalı məmur “Politico”ya deyib.
Yazıdan belə anlaşılır ki, ABŞ və Rusiyanın kosmosda münasibətləri yoluna qoymaq üçün görüşü yeganə olmayacaq. Tərəflər gələcəkdə də bu istiqamətdə müzakirələr aparacaq.
Ümumiyyətlə, Rusiya kosmosda fəaliyyətini hər onillikdə bir az da gücləndirir. Səhnəyə Çin də çıxıb. Bu isə ABŞ-ı çox narahat edir. Rusiya kosmosda müttəfiq qazanmaqla daha böyük gücə çevrilir. ABŞ hadisələrin çərçivələri aşmasına imkan verməməyə çalışır.
Beynəlxalq Kosmik Stansiya layihəsində Rusiya və ABŞ da daxil olmaqla 14 ölkə yer alır. Rusiya layihədə 15 modulla iştirak edir. Şimal dövləti kosmosda daha çox Almaniya ilə əməkdaşlığa üstünlük verir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}