Azərbaycan öz vaksinini yaxın 10 ildə hazırlaya bilər

 

Hazırda dünyada koronavirusla mübarizə aparıldığı, vaksinlərin tətbiq edildiyi dönəmdə, virusla bağlı aparılan müxtəlif tədqiqatların da nəticələri açıqlanır. Bugünlərdə Almaniyanın Hamburq şəhərində çalışan məhkəmə-tibb ekspertləri COVİD-19 infeksiyasının ölümlə nəticələnməsi səbəblərini öyrənmək üçün yüzlərlə insanın meyitini yarıblar.

Araşdırma zamanı Hamburq-Eppendorf Universitet Klinikasının nəzdindəki Məhkəmə-Tibb İnstitutunda 735 meyitin ekspertizası aparılıb. Onlardan 618-i COVİD-19 infeksiyasına yoluxandan sonra dünyasını dəyişmiş insanların meyitləri olub. Koronavirusa yoluxandan sonra ölənlərin 88%-nin ən azı üç-dörd xəstəlikdən əziyyət çəkdiyi üzə çıxıb. Eyni zamanda ölənlərin əksəriyyətinin yaşının 76-dan yuxarı olduğu aydınlaşıb. Bununla da insanın koronavirus infeksiyasına tab gətirə bilməməsində yanaşı xəstəliklərin və yaş faktorunun başlıca rol oynadığı bir daha təsdiqlənib.

Ekspertlər COVİD-19 infeksiyasının mutasiyaya uğramış yeni növlərinə yoluxandan sonra dünyasını dəyişən adamların da meyitlərini yarıblar.

 Ölümə aparan səbəblər fərqlənməyib. Bu o deməkdir ki, virusun ilkin variantına, yoxsa yeni variantlarına (yeni ştamlara) yoluxmasından asılı olmayaraq insanın orqanizmi eyni səbəblərdən - əsasən yanaşı xəstəliklər və yaş faktoru ucbatından koronavirusa tab gətirmir. Azərbaycanda da bu tendensiya özünü göstərdi. Bu səbəbdən də vaksinasiya aparılarkən, ilk olaraq yaşlı nəslin nümayəndələri peyvəndə cəlb olundu.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu günə qədər 200 mindən artıq vətəndaş COVID-19 infeksiyasına qarşı vaksinasiya edilib:

 “Strategiyaya əsasən, hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVİD-19 xəstəliyinə qarşı vaksinasiya edilib. Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVİD-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva “Yeni Müsavat”a bildirib ki, 50 yaşdan yuxarı şəxslərin vaksinasiya prosesi uğurla davam etdirilir: “Yanvarın 18-dən başlanan peyvəndləmə işi mərhələli şəkildə davam edir. İlkin mərhələdə səhiyyə işçiləri, fevral ayının 8-dən başlayaraq 65 yaşdan yuxarı şəxslər, 17 fevral tarixdən isə 50 yaşdan yuxarı əhali arasında peyvəndlənmə işləri aparılır. Eyni zamanda tibb işçiləri arasında peyvəndləmənin ikinci mərhələsinə- 2-ci dozanın vurulmasına başlanıb. Peyvənd işləri yüksək səviyyədə həyata keçirilir, qeyd edilən əhali qrupları könullü olaraq peyvənd olunub. Peyvənd olunan şəxslər arasında hər hansı bir ağırlaşma qeydə alınmayıb”.

Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə mövzu ilə bağlı suallara cavab verib: "Koronavirusu yaşlı, yanaşı xəstəliyi olan insanlar daha ağır keçirir. Britaniya ştamının da COVİD 19-dan elə böyük fərqi yoxdur. O da genetik cəhətdən bu virusa daha çox yaxındır. Törətdiyi fəsadlar da demək olar ki, eynidir. Amma Britaniya ştammı nə qədər çox yayılsa da, dünyada ölüm hallarının artmasına səbəb olmadı. Ölüm faizi COVİD 19-da olduğu kimi oldu. Ona görə ölkəmizdə də 65 yaşdan yuxarı olanların ilk olaraq vaksinasiyasına başladılar. 65 yaşdan yuxarı insanlarda yanaşı xəstəliklər daha çox olur. Onkoloji, endikronoloji xəstəliyi, xroniki infeksiyaları olanlar və yaşlı insanların vaksinasiyası birinci növbədə aparıldı. Dünyada da statistika var, ölənlərin yaş qrupları üzrə hansı yaş kateqoriyasında olan insanlar arasında ölüm hallarının daha çox olduğu araşdırılıb. Məlum olub ki, 65 yaşdan yuxarı şəxslərin ölüm sayı digərlərinə nisbətən daha yüksəkdir.

 Bizim ölkəmizdə də bu nəzərə alınıb".

Bu arada bəzi dünya və yerli mütəxəssislər yeni viruslara görə yeni vaksinlərə ehtiyacın olacağını bildirirlər. Bəziləri hətta bütün viruslara qarşı vaksinin tətbiq olunmasını vacib sayıb.

V.Cavadzadə bununla bağlı deyib ki, bütün virus infeksiyalarına qarşı bir vaksinin hazırlanması mümkün deyil: “Çünki hər bir ayrı-ayrı infeksion xəstəliyin özünün törədicisi var. Qrip törədən qrip virusu var, koronavirusu törədən koronavirus qripi var. Bir peyvəndin bütün infeksiyalara qarşı effektli olması mümkün deyil”.

İnfeksionist Azərbaycanda nəyə görə vaksinlər hazırlanmır, mütəxəssis yoxdurmu, yoxsa başqa səbəb var" sualına da cavab verib: "Bunun üçün müasir laboratoriyalar qurulmalıdır. Mütəxəssislər formalaşmalıdır. Hazırda ölkəmizdə demək olar ki, bunlar yoxdur. Amma bununla bağlı işlər gedir, yaxın 5-10 ildə Azərbaycanda da olacaq. Bu sahənin inkişafı üçün ilk olaraq kadrlar olmalıdır. Keçmiş sovetlər birliyində Azərbaycanda Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vaksin, zərdabların hazırlanması ilə məşğul olub. Sovetlər Birliyi dağılandan sonra institutda bu işlər davam etdirilmədi. Təbii ki, vaksinlərin hazırlanması ilə virusoloqlar, gen mühəndisləri məşğul olmalıdırlar. Hazırda ölkəmizdə bu sahə üzrə işlər yox səviyyəsindədir. Amma hesab edirəm ki, yaxın 5-10 ildə olacaq. Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor Adil Allahverdiyev gətirilib. O bu sahə üzrə sözünü demiş mütəxəssislərdən biridir. Fəxr olunası bir alimdir. Türkiyədə o, çox böyük işlər görüb, hazırda Azərbaycanda bu sahə üzrə çalışır. Bazanın yaradılması, avadanlıqların gətirilmısi, mütəxəssislərin formalaşdırılması üçün vaxt lazımdır. Bu istiqamətdə iş gedir. Gələcəkdə vaksinlərin hazırlanması istiqamətində də işlər aparılacaq".


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}