Əsas Səhifə > Dünya > Yaponiyada koronavirusa yoluxma halları artır

Yaponiyada koronavirusa yoluxma halları artır


25-07-2020, 10:22

 

Yaponiyada koronavirusa yoluxma halları artmaqda davam edir. Son məlumatlara görə, iyulun 24-də ölkə ərazisində 700-dən çox, Tokioda isə 260 virusa yoluxma halı qeydə alınıb.


Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi xəbər verir ki, son dörd gün ərzində yoluxanların sayı gündəlik 200-dən çox olub və 16 gündür həmin göstərici üç rəqəmlə ifadə olunur.

İyulun 23-də paytaxt meqapolisində rekord miqdarda - 366 yoluxma qeydə alınıb, ümumilikdə isə həmin göstərici 10 min 600-ü ötüb.

Yaponiyanın qərbində yerləşən Osakada 149 yoluxma halı qeydə alınıb. Artıq üç gündür ki, bu prefekturada yoluxanların sayı 100 nəfəri ötür.

Baş Nazir Şinzo Abe davam edən bayram və istirahət günlərində virus yoluxması təhlükəsinin artması ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırıb.

“Biz virusun yayılmasının qarşısını almaq üçün bir daha hamıdan istirahət və bayram günlərində ciddi profilaktik tədbirlər görməyi xahiş edirik. Bu, o deməkdir ki, siz digər şəxslərlə sıx təmasdan yayınmalı, kütləvi tədbirlərə qatılmamalısınız”, - deyə Baş Nazir bildirib.

Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 29 mini ötüb. Virus nəticəsində həyatını itirənlərin sayı isə 1000-dən çoxdur.


Şəffaflıq.az
Geri qayıt