Əsas Səhifə > SİYASƏT > Gürcüstanın Baş naziri gələn il Azərbaycana səfər edəcək
Gürcüstanın Baş naziri gələn il Azərbaycana səfər edəcəkBu gün, 15:33 |
|
Gürcüstanın Baş naziri İrakli Kobaxidze gələn il Azərbaycana rəsmi səfər edəcək. Şəffaflıq.az-ın Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Bakıya səfəri çərçivəsində bildirib. M.Boçorişvili qeyd edib ki, onun Azərbaycana rəsmi səfəri ən yüksək səviyyəli görüşlərlə müşayiət olunub və bu, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycan Prezidenti, Baş naziri və parlament sədri ilə görüşdüyünü bildirib. Nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər strateji xarakter daşıyır. "Gələn ilin əvvəlində biz Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tbilisiyə səfərini gözləyirik. Bundan başqa, baş nazirin (red. - İrakli Kobaxidzenin) Azərbaycana rəsmi səfərinə hazırlığa başlayacağıq. Bu, siyasi münasibətlərimizin gündəliyinin mühüm hissəsi olacaq", - o deyib. Boçorişvili vurğulayıb ki, iki ölkə arasında müntəzəm siyasi dialoq və əməkdaşlıq hazırkı geosiyasi kontekstdə böyük əhəmiyyət kəsb edir. "Mövcud geosiyasi şəraitdə dövlətlərimizin və regionumuzun mövqelərini gücləndirmək üçün qonşumuz və dostumuz olan ölkə ilə gündəlik əsasda qarşılıqlı şəkildə fəaliyyət göstərməyə davam edirik", - nazir qeyd edib. M.Boçorişvili həmçinin bildirib ki, Gürcüstan ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr intensiv xarakter daşıyır, müxtəlif sektorlarda əməkdaşlıq isə aktiv mərhələdədir və mühüm regional əhəmiyyətə malikdir. "Şübhəsiz ki, bu istiqamətlərdə qarşılıqlı fəaliyyət davam etdiriləcək", - Gürcüstan XİN başçısı əlavə edib. Geri qayıt |