Əsas Səhifə > SİYASƏT > Beyləqandakı arxeoloji qazıntılarda qədim tikililərin izləri aşkarlanıb
Beyləqandakı arxeoloji qazıntılarda qədim tikililərin izləri aşkarlanıbBu gün, 10:27 |
|
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində apardığı arxeoloji qazıntılar zamanı çiy kərpic döşəmə və bişmiş kərpicdən hörgü izləri aşkarlanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İnstitutdan məlumat verilib. Bildirilib ki, ardıcıl mədəni qatlar və memarlıq qalıqları Mil düzündə yerləşən bu yaşayış məskənində məskunlaşmanın bir neçə mərhələdə davam etdiyini göstərir. AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşı Abdulla Abdullayevin rəhbərlik etdiyi ekspedisiya 2026-cı ilin iyulunda ərazidə kəşfiyyat işləri aparıb, avqustda isə yoxlama şurfu qoyub. Stasionar qazıntılar sentyabrın 14-dən oktyabrın 13-dək davam edib. Altı kvadrat üzrə aparılan qazıntılar zamanı mədəni qatın təxminən bir metr dərinliyədək davam etdiyi müəyyənləşdirilib. Qazıntı sahəsinin A kvadratında 97 sm dərinlikdə 40 × 35 sm ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə 92–93 sm dərinlikdə bişmiş qırmızı kərpicdən hörgü izləri qeydə alınıb. Ekspedisiya, həmçinin keramika nümunələrini, tikinti materiallarını və sümük qalıqlarını aşkarlayaraq sənədləşdirib. Qeyd edək ki, Təzəkənd abidəsi ilk dəfə 1936-cı ildə İ. P. Şeblıkin tərəfindən yerüstü kəşfiyyat zamanı qeydə alınıb. Abidədə ilk sistemli tədqiqatları 1953–1957-ci illərdə A. A. İessenin rəhbərlik etdiyi Örənqala ekspedisiyası aparıb. Q. M. Əhmədovun 1957-ci ildə qoyduğu şurf zamanı mədəni təbəqənin 3,5 metrədək davam etdiyi müəyyənləşdirilib. Əvvəlki tədqiqatlarda aşkarlanmış keramika nümunələri və Oktavian Avqust dövrünə aid gümüş denarilər yaşayış yerində məskunlaşmanın e.ə. II–I əsrlərdən eramızın V–VII əsrlərinədək davam etdiyini göstərir. A. A. İessen və Q. M. Əhmədov Təzəkənd abidəsini ilk orta əsrlərə aid Paytakaran şəhərinin qalıqları ilə eyniləşdiriblər. Bu elmi qənaəti yoxlamaq və aşkarlanmış tikililərin planını dəqiqləşdirmək üçün qazıntı sahəsinin şimal və qərb istiqamətlərində genişləndirilməsinə, yeni stratiqrafik və tarixləndirici materialların əldə olunmasına ehtiyac var. Geri qayıt |