Əsas Səhifə > Hadisə > Cəlilabadda saxta əlilliklə bağlı komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb

Cəlilabadda saxta əlilliklə bağlı komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb


Bu gün, 14:10


Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sabiq sədri Könül Zakir qızı Əliyeva və həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun cinayət işi üzrə bəzi detallar ortaya çıxıb.

Şəffaflıq.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasları zamanı məlum olub ki, təqsirləndirilən İltizam Əzimov əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar vətəndaşlardan 58 min manat rüşvət alaraq Könül Əliyevaya verib.

Lakin bir müddət sonra məlum olub ki, Könül Əliyeva sözügedən məsələ ilə bağlı işləri həll etməyib. İltizam Əzimov bu səbəbdən onu aidiyyəti orqanlara şikayət edib.

Proseslər zamanı bildirilib ki, zərərçəkənlərdən rüşvət qismində alınan pulların hamısı qaytarılıb. Buna görə də onlar şikayətçi olmayıblar. Həmin şəxslər məhkəmə iclaslarında şahid qismində ifadə veriblər.

Həmçinin məhkəmə iclaslarında bildirilib ki, rüşvət müqabilində sosial müavinət düzəltmək istəyən şəxslərin sosial müavinətləri kəsilib və Dövlət Sosial Müdafiə Fondu ödənilən məbləğləri həmin şəxslərdən geri tələb edir.

Növbəti iclas dekabrın 1-nə təyin olunub.

Qeyd edək ki, sözügedən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi çərçivəsində istintaqa cəlb olunublar.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Könül Əliyeva həmin xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol verməsi barədə araşdırma aparılıb.

İttihama görə, Könül Əliyeva sözügedən vəzifədə işləyərkən həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun köməkçiliyi ilə qanunsuz olaraq əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar saxta məlumatların müvafiq elektron informasiya sisteminə yerləşdirilməsi müqabilində ona müraciət edən vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən alıb və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlət büdcəsinə maddi ziyan vurub.

Könül Əliyevaya Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), İltizam Əzimova isə həmin Məcəllənin 32.5, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik), 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməkçilik), 32.5, 313-cü vəzifə saxtakarlığına köməkçilik maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, sonradan məhkəmədə dövlət ittihamçısının vəsatəti əsasında həbs ediliblər.


Geri qayıt