Əsas Səhifə > İnfrastruktur > Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb

Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb


Bu gün, 09:06


Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı şəhərindən Qazaxıstanla avtomobil sərhədinə qədər uzanan yeni yolun açılışını edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Neytral Türkmənistan" rəsmi qəzeti məlumat yayıb.

"Ötən il Türkmənbaşı – Qara-Boğaz – Qazaxıstan sərhədi avtomobil yolunun təməli qoyulub. Bu gün isə onun 44 kilometrlik Qara-Boğaz – sərhədyanı zona hissəsini istismara veririk. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan bu yol-nəqliyyat infrastrukturu beynəlxalq əhəmiyyətli nəqliyyat marşrutlarının əsas həlqəsinə çevriləcək", – qəzet prezidentin sözlərindən sitat gətirib.

Dövlət başçısı, həmçinin "Şimal-Cənub" dəhlizinin bir hissəsi olacaq Aşqabad – Daşoğuz avtomobil magistralının təməlqoyma mərasimində iştirak edib. Yolun uzunluğu 550 kilometr təşkil edəcək.

"Bu gün perspektivli "Şimal-Cənub" nəqliyyat dəhlizinin əsas həlqəsinə çevrilməsi nəzərdə tutulan Aşqabad – Daşoğuz avtomobil magistralının tikintisinə start veririk. Ölkəmizin şimal bölgəsini paytaxtla birləşdirəcək bu magistralın çəkilməsi nəqliyyat-tranzit potensialını artırmağa, nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməyə, həmçinin qonşu dövlətlər arasında əmtəə dövriyyəsinin, yük və sərnişin daşımalarının həcmini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verəcək", – Berdiməhəmmədov bildirib.


Geri qayıt