Əsas Səhifə > İnfrastruktur > Anar Quliyev Zəngilanın dirçəlişi və sakinlərin doğma yurda qayıdışı ilə bağlı videoçarx paylaşıb

Anar Quliyev Zəngilanın dirçəlişi və sakinlərin doğma yurda qayıdışı ilə bağlı videoçarx paylaşıb


Bu gün, 11:02


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 20 Oktyabr - Zəngilan Şəhəri Günü münasibətilə şəhərdə və rayonun yaşayış məntəqələrində həyatın bərpasına həsr olunmuş videoçarx paylaşıb.

Şəffaflıq.az bu barədə Komitəyə istinadən xəbər verir.

Qurum bəyan edib ki, bu gün Zəngilan yenidən öz sakinlərinə qovuşur: ailələr yeni evlərində məskunlaşır, küçələr və ictimai məkanlar canlanır, doğma torpaqda təhlükəsiz və rahat yaşayış üçün hərtərəfli şərait yaradılır.

Bu dəyişikliklərin əsasında Zəngilan şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planı dayanır. Sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında İsveçrənin "sa_partners" şirkəti və Bakı Dövlət Layihə İnstitutu hazırlayıb və 30 oktyabr 2023-cü ildə təsdiq edilib. Baş plana əsasən, Zəngilan insanların ehtiyaclarının, təbiətlə harmoniyanın və yüksək həyat keyfiyyətinin üstün tutulduğu müasir park-şəhər kimi inkişaf etdirilir.

Ümumi ərazisi 333 hektar olan şəhər 16 min sakin üçün nəzərdə tutulub. Ərazinin 40,5 faizini yaşıllıqlar təşkil edəcək, hər sakinə düşən ümumi istifadədə olan yaşıllıq sahəsi isə 44,7 kvadratmetrə çatacaq. Şəhərdə məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, ictimai məkanlar, rahat piyada və velosiped yolları yaradılacaq.

Bu gün həmin planlar artıq real nəticələrə çevrilir. 2026-cı ilin may ayında Zəngilanda 104 mənzildən ibarət ilk yaşayış kompleksi istifadəyə verilib. Yeni yaşayış məhəllələrinin və sosial obyektlərin tikintisi davam edir. Gələcəkdə şəhərdə ümumilikdə 2880 şagird yerlik 3 məktəbin, 960 yerlik 4 məktəbəqədər təhsil müəssisəsinin, mərkəzi rayon xəstəxanasının, mədəniyyət və digər ictimai obyektlərin yaradılması nəzərdə tutulur.

Eyni zamanda, sakinlərin məşğulluğu, sahibkarlığın inkişafı, turizm və istirahət üçün yeni imkanlar formalaşır. 2022-ci ildə istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı regionun nəqliyyat əlçatanlığında mühüm rol oynayır. Zəngilan Konqres Mərkəzi isə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. 2023-cü ilin sentyabrında burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə II Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

Turizm və qonaqpərvərlik infrastrukturu da inkişaf edir. Ağalı kəndində 78 nömrədən ibarət, restoranlar, konfrans zalı və istirahət zonaları ilə təchiz olunmuş hotel fəaliyyət göstərir. Zəngilan şəhərində isə 116 nömrəlik "Zangilan City Park Hotel" layihəsinin icrasına başlanılıb. Yeni turizm obyektləri, eləcə də avtomobil magistrallarının və Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi regionda iş yerlərinin açılması, sahibkarlığın inkişafı və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.

"Böyük Qayıdış"ın ilk addımları məhz Zəngilanda atılıb. 2022-ci ilin iyul ayında ilk ailələr "ağıllı kənd" konsepsiyası əsasında bərpa edilən Ağalıya köçürülüb. Bu gün 188 fərdi yaşayış evinin inşa olunduğu Məmmədbəyli kəndində də həyat yenidən canlanır. Ağalıda 360 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası və digər sosial obyektlər fəaliyyət göstərir. Rayonun digər kəndlərində də bərpa-quruculuq işləri davam etdirilir və yeni ailələrin doğma yurdlarına qayıdışı üçün şərait yaradılır.

Hər yeni evin, məktəbin və ictimai məkanın yaradılmasında əsas məqsəd insanların doğma torpaqlarına qayıdışını təmin etmək və onların gələcəyi üçün möhkəm zəmin yaratmaqdır. Bu gün Zəngilan yalnız memarlıq simasını dəyişmir, burada həyat yenidən öz axarına qayıdır, uşaqlar doğma yurdlarında böyüyür, şəhər və kəndlər sakinləri ilə birlikdə dirçəlir.


Geri qayıt