Əsas Səhifə > SAĞLAMLIQ > Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək

Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək


Bu gün, 18:27


Bakıda oktyabrın 31-dən noyabrın 6-dək "Ürək transplantasiyası həftəsi" çərçivəsində silsilə tədbirlər keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, tədbirlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Həftə Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümünə həsr olunub.

Həftə çərçivəsində orqan donorluğunun əhəmiyyətinə dair maarifləndirici görüşlər və sosial aksiyalar keçiriləcək. Proqramda, həmçinin "TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya" adlı elmi-praktiki konfrans yer alır.

Tədbirdə transplantasiyanın diaqnostikadan əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələləri müzakirə olunacaq, sahədə əldə edilən nəticələr və mövcud çağırışlar dəyərləndiriləcək.

Konfransda Azərbaycanın müxtəlif tibb müəssisələrindən ürək-damar cərrahları, ümumi cərrahlar, kardioloqlar, anestezioloq-reanimatoloqlar, nefroloqlar, qastroenteroloqlar, infeksionistlər, patoloqoanatomlar və digər ixtisaslar üzrə mütəxəssislərin iştirakı nəzərdə tutulur. Böyük Britaniya, Türkiyə və Belarusdan transplantasiya üzrə ixtisaslaşmış mütəxəssislər də tədbirə qatılacaqlar.

Elmi proqramda transplantasiya xəstələrinin diaqnostikası, tibbi və cərrahi müalicəsi, transplantasiyaya hazırlıq, donor seçimi, transplantasiya prosesi və əməliyyatdan sonrakı dövrün idarə olunması məsələləri müzakirə ediləcək.

Konfrans yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsi və peşəkar əməkdaşlığın inkişafı məqsədi daşıyır.


Geri qayıt