Əsas Səhifə > REGİON > Ermənistan vətəndaşı Gürcüstan sərhədindən 17 min dollarlıq dərman keçirməyə cəhd edib

Ermənistan vətəndaşı Gürcüstan sərhədindən 17 min dollarlıq dərman keçirməyə cəhd edib


Bu gün, 13:08


Gürcüstanın Sadaxlo gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşının 44,9 min lari (17,249 ABŞ dolları - red.) dəyərində müxtəlif növ dərman vasitələrini gömrük nəzarətindən gizli keçirməyə cəhd etdiyi aşkarlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə birgə həyata keçirilib.

Əməliyyat məlumatları əsasında keçirilən tədbirlər nəticəsində Ermənistan vətəndaşının idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilmiş müxtəlif növ dərman vasitələri aşkar edilib.

İstintaqın məlumatına görə, dərmanlar avtomobilin baqajında yerləşən təbii qaz çənində xüsusi hazırlanmış gizli bölmədə saxlanılıb. Malların ümumi gömrük dəyəri 44,9 min lari təşkil edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə araşdırma aparılır. Həmin maddə 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


Geri qayıt