Əsas Səhifə > MALİYYƏ > Azərbaycan Avrasiya nəqliyyat karkası üzrə minimal investisiya yükünə malik ölkələrə aid edilib

Azərbaycan Avrasiya nəqliyyat karkası üzrə minimal investisiya yükünə malik ölkələrə aid edilib


Bu gün, 14:12


Avrasiya İnkişaf Bankı (EDB) Avrasiya nəqliyyat karkasının formalaşması ilə əlaqədar region dövlətlərinin milli iqtisadiyyatlarına düşən investisiya yükünün qiymətləndirilməsini aparıb.

Şəffaflıq.az xəbər verir ki, bunu EDB-in İnteqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Zaboyev "Avrasiyada nəqliyyat dəhlizlərinin infrastrukturu: inkişafın nəticələri və əsas investisiya tendensiyaları" adlı təqdimatda bildirib.

Onun məlumatına görə, 2025-ci il üçün nəqliyyat dəhlizlərinə kapital qoyuluşlarının dövlətlərin nominal ÜDM-nə nisbətinin hesablanması zamanı maksimum fiskal və iqtisadi yük Əfqanıstanda (63,5 %) qeydə alınıb. Nəqliyyat infrastrukturu kifayət qədər maliyyələşdirilməyən ölkələr sırasına Qırğızıstan (48 %), Monqolustan (33,6 %) və Ermənistan da (17,8 %) daxil edilib.

"4 dövlətdə nəqliyyat sektoruna tələb olunan investisiyaların nominal ÜDM-ə nisbəti kifayət qədər yüksəkdir. Bu onu göstərir ki, həmin ölkələrdə nəqliyyat infrastrukturuna investisiyalar çatmır. Əfqanıstanda həyata keçirilməsi tələb olunan xeyli layihələr olduğu halda lazımi vəsait yoxdur, yolların modernləşdirilməyə ehtiyacı var, lakin bunun üçün maliyyələşmə əlçatan deyil.

Digər ölkələrdə səbəblər fərqlidir, məsələn, artıq icra mərhələsində olan irimiqyaslı dəmir yolu tikintisi proqramları. Bu baxımdan, sözsüz ki, həmin layihələrin müəyyən edilmiş müddətlərdə başa çatdırılması üçün beynəlxalq maliyyə institutlarının dəstəyi zəruridir", - A.Zaboyev vurğulayıb.

Araşdırmanın nəticələrinə əsasən, orta yük səviyyəsi Özbəkistanda - 11,6 %, Qazaxıstanda - 10,8 %, Gürcüstanda - 10,7 %, Tacikistanda - 9,2 %, Rusiyada - 8,5 %, Türkmənistanda - 7,8 % qeydə alınıb. Dəhlizlərin inkişafına yönəldilən kapital qoyuluşlarının ÜDM-ə minimal nisbəti Azərbaycanda (4,5 %), İranda (3,7 %) və Belarusda (0,4 %) proqnozlaşdırılır.


Geri qayıt