Əsas Səhifə > İnfrastruktur > Lianyungan limanı Xəzər dənizi vasitəsilə Çindən Bakıya qədər vahid logistika zənciri yaratmaq niyyətindədir
Lianyungan limanı Xəzər dənizi vasitəsilə Çindən Bakıya qədər vahid logistika zənciri yaratmaq niyyətindədirBu gün, 15:26 |
|
Çinin Lianyungan limanı Bakının Lianyungan-Xorqos-Aktau "Üç qovşaq" logistika zəncirinə daxil edilməsinin tərəfdarıdır. Şəffaflıq.az xəbər verir ki, bunu Lianyungan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Tszyan Vey (Jiang Wei) Bakıda "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O xatırladıb ki, 2013-cü ildən başlayaraq Lianyungan limanı "Qazaxıstan Dəmir Yolları" ilə birlikdə Lianyungandakı Çin-Qazaxıstan logistika bazasını, Xorqosdakı "Quru liman"ı və Aktau Beynəlxalq Konteyner Qovşağını özündə birləşdirən "Üç qovşaq" inteqrasiya əməliyyat modelini formalaşdırıb. "Lianyungan limanının "Azərbaycan Dəmir Yolları" və Bakı Beynəlxalq Dəniz Limanı ilə qarşılıqlı fəaliyyəti davamlı olaraq genişlənir. 2024-cü ildə tərəflər multimodal daşıma marşrutlarının birgə inkişafı üçün "Üç qovşaq" və "Azərbaycan Dəmir Yolları"nın resurslarından istifadə etmək niyyətində olduqlarına dair əməkdaşlıq memorandumu imzalayıblar. 2025-ci ildə hər iki tərəfin rəhbərləri Lianyungan-Bakı istiqamətində müntəzəm daşımaların təşkili və rəqəmsal həllərin tətbiqi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Biz mövcud əməkdaşlıq əsasında Lianyungan-Aktau-Bakı marşrutunu həqiqətən dayanıqlı, yüksək səmərəli və rəqabətqabiliyyətli Transxəzər logistika məhsuluna çevirməyə ümid edirik", - T. Vey bildirib. O qeyd edib ki, Lianyungan limanı "Azərbaycan Dəmir Yolları", Bakı Limanı və marşrut boyunca digər tərəfdaşlarla birgə işləməyə hazırdır: "Məlumatların mühafizəsinin təmin edilməsi və hər iki ölkənin qanunvericiliyinə riayət olunması şərtilə, beynəlxalq daşımalar barədə məlumat mübadiləsi kimi tətbiqi ssenarilərdən başlayaraq, biz logistika ilə bağlı məlumatların transsərhəd mübadiləsini mərhələli şəkildə inkişaf etdirməyi və Lianyungan-Xorqos-Aktau-Bakı vahid informasiya zəncirinin yaradılmasına dəstək olmağı təklif edirik". Geri qayıt |