Əsas Səhifə > REGİON > Qazaxıstan hökumətinin yeni tərkibi təsdiqlənib

Qazaxıstan hökumətinin yeni tərkibi təsdiqlənib


Bu gün, 16:53


Qazaxıstanda hökumətin yenilənmiş tərkibi təsdiqlənib – yeni hökumətdə dörd yeni nazir təmsil olunur.

Şəffaflıq.az-ın verdiyi məlumata görə, müvafiq qərarlar Oljas Bektenovun yenidən baş nazir vəzifəsinə təyin edilməsindən sonra qəbul edilib.

Xarici İşlər Nazirliyinə yenidən Muxtar Tleuberdi rəhbərlik edib. O, Yermek Koşerbayevi əvəz edib. Tleuberdi 2019–2023-cü illərdə XİN başçısı vəzifəsini tutub, yeni təyinata qədər isə Qazaxıstanın Avstriyadakı səfiri işləyib.

Fövqəladə hallar naziri vəzifəsinə əvvəllər Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinə və FHN aparatına rəhbərlik etmiş Murat Muxanov təyin edilib. O, bu postda Çingis Arinovu əvəz edib.

Yeni ekologiya və təbii sərvətlər naziri Alibek Kuantırov olub. Əvvəllər o, xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Milli İqtisadiyyat Nazirliyinə rəhbərlik edib.

2025-ci ildən Qazaxıstan Prezidentinin daxili siyasət və kommunikasiyalar üzrə köməkçisi işləyən Arman Kırıkbayev mədəniyyət və informasiya naziri təyin edilib. O, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini təyin edilmiş Aida Balayevanı əvəz edib.

Bununla yanaşı, sosial bloku kurasiya edən baş nazir müavini vəzifəsi vakant qalır.

Hökumət üzvlərinin əksəriyyəti öz postlarını qoruyub saxlayıb. Nurlıbek Nalibayev baş nazirin birinci müavini kimi fəaliyyətini davam etdirəcək. Qalımjan Koyşıbayev yenidən baş nazirin müavini – hökumət aparatının rəhbəri, Kanat Bozumbayev isə baş nazirin müavini təyin edilib.

Serik Jumanqarin baş nazirin müavini – milli iqtisadiyyat naziri, Jaslan Madiyev isə baş nazirin müavini – süni intellekt və rəqəmsal inkişaf naziri vəzifəsini qoruyub saxlayıb.

Həmçinin daxili işlər naziri Yerjan Sadenov, müdafiə naziri Dauren Kosanov, maliyyə naziri Madi Takiyev, nəqliyyat naziri Nurlan Sauranbayev, energetika naziri Yerlan Akkenjenov, sənaye və tikinti naziri Yersayın Naqaspayev, ticarət və inteqrasiya naziri Arman Şakkaliyev və ədliyyə naziri Yerlan Sarsembayev də öz postlarını qoruyub saxlayıblar.

Bundan başqa, maarif naziri Juldız Süleymenova, səhiyyə naziri Akmaral Alnazarova, su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjiqitov, əmək və əhalinin sosial müdafiəsi naziri Askarbek Yertayev, kənd təsərrüfatı naziri Aydarbek Saparov, turizm və idman naziri Yerbol Mırzabosınov, elm və ali təhsil naziri Sayasat Nurbek yenidən qeyd olunan vəzifələrə təyin ediliblər.


Geri qayıt