Əsas Səhifə > İnfrastruktur > "Bakı Metropoliteni" qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir

"Bakı Metropoliteni" qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir


Bu gün, 16:50


"Bakı Metropoliteni" QSC Asiya İnkişaf Bankı (ADB) ilə birlikdə siqnalizasiya infrastrukturunun yenilənməsi və qatarların hərəkətinin rəqəmsal şəkildə idarə edilməsinə keçid üzrə strateji proqramın icrasına başlayır.

Şəffaflıq.az ADB layihəsinin İlkin Ekoloji Qiymətləndirmə (IEE) sənədlərinə istinadən xəbər verir ki, bu proqramla köhnəlmiş rele idarəetmə sistemlərinin qatarların radiorabitə əsaslı qabaqcıl idarəetmə sistemi (CBTC) ilə tam əvəz olunması nəzərdə tutulur.

Belə ki, bu texnologiyanın tətbiqi qatarlar arasındakı vaxt intervallarını azaltmağa, xətlərin buraxılış qabiliyyətini artırmağa, sərnişin daşımalarının təhlükəsizliyini gücləndirməyə və bütün infrastrukturun enerji səmərəliliyini yüksəltməyə imkan verəcək.

ADB-nin təsnifatına əsasən layihəyə B kateqoriyası verilib, çünki bütün işlər mövcud yeraltı infrastrukturun - tunellərin, stansiya komplekslərinin, depoların və xidməti otaqların hüdudlarında həyata keçiriləcək. Layihə çərçivəsində yeni xətlərin çəkilməsi, torpaqla bağlı işlərin görülməsi və ya torpaq sahələrinin alınması nəzərdə tutulmur.

Layihənin icrasının üç ardıcıl mərhələdə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələ layihəyə dair sənədlərin tamamlanmasını, satınalma prosedurlarını, yol və bort avadanlıqlarının quraşdırılmasını, sistem inteqrasiyasını, pilot qaydada buraxılışı, həmçinin bütün şəbəkə üzrə mərhələli şəkildə tətbiqini və digər məsələləri əhatə edir.

İkinci mərhələ sabitləşmə və paralel fəaliyyət dövrünü təşkil edir və bu müddət ərzində təhlükəsizliyin, etibarlılığın və istismara hazırlığın yoxlanılması məqsədilə yeni və fəaliyyətdə olan köhnəlmiş sistemlər təxminən 6-12 ay ərzində eyni vaxtda istismar ediləcək.

Üçüncü mərhələ əvvəlki sistemin planlı şəkildə istismardan çıxarılmasını, yəni avadanlıqların deaktivasiyasını, təhlükəsizlik yoxlanışını, pilot qaydada demontajı, köhnəlmiş təchizatın tamamilə çıxarılmasını, maddi resursların idarə edilməsini və yekun hesabat sənədlərinin rəsmiləşdirilməsini əhatə edir. Demontaj ilə bağlı işlərdə diqqət ekoloji təhlükəsizlik və tullantıların idarə olunması məsələlərinə yönəldiləcək. Xüsusən də, layihədə inventarlaşdırma, tərkibində polixlorlu bifenillərin olmasına dair laboratoriya tədqiqatı və təqribən 933 yağla doldurulmuş drossel-transformatorun, həmçinin sökülmüş kabel xətlərinin və rele şkaflarının təhlükəsiz şəkildə utilizasiyası nəzərdə tutulur.

Bundan başqa, Ətraf Mühitin İdarəedilməsi Planının həyata keçirilməsi üzrə ilkin büdcə təqribən 950 min ABŞ dolları məbləğində (gözlənilməz xərclər üçün nəzərdə tutulmuş 10 % ehtiyat nəzərə alınmaqla) qiymətləndirilir. Qeyd olunan vəsaitlər laboratoriya tədqiqatlarının aparılması, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi tədbirlərinin təmin edilməsi, instrumental monitorinq və işlərin aparıldığı dövrdə sərnişinlər üçün təhlükəsiz şəraitin yaradılması məqsədilə istifadə olunacaq. Memarlıq baxımından dəyərli olan stansiyalar, o cümlədən milli əhəmiyyətli abidələr siyahısına daxil edilmiş "Nizami" stansiyası üçün xüsusi iş rejimi nəzərdə tutulub. Bu layihə Azərbaycanın şəhər nəqliyyatının rəqəmsal transformasiyası və paytaxtın nəqliyyat sisteminin dayanıqlığının möhkəmləndirilməsi sahəsində əsas təşəbbüslərdən birinə çevriləcək.

Qeyd edək ki, hazırda ADB "Bakı Metropoliteni"nin siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsinin icrasına 302,38 milyon ABŞ dolları məbləğində kreditin ayrılması imkanını nəzərdən keçirir.

Layihəyə şəhər mobilliyinin artması və əsas infrastrukturun köhnəlməsi şəraitində daşımaların təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılması məqsədilə qatarların hərəkətinin idarə edilməsi və dispetçerləşdirmə sistemlərinin yenilənməsi, eləcə də qatarlara müasir nəzarətin, inteqrasiya olunmuş monitorinq və qəza funksiyalarının, aktivlərin rəqəmsal formada idarə edilməsinin, sərnişinlər üçün məlumat sistemlərinin və korporativ platformaların tətbiqi daxildir.


Geri qayıt