Əsas Səhifə > İnfrastruktur > Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib


Bu gün, 13:50


Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Məlumata əsasən, Azərbaycan Su Məcəlləsinin 99-cu maddəsinə əsasən, su obyektlərindən istifadə ilə bağlı ödəniş növləri və qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Bu məqsədlə Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri" və "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması" təsdiq edilib.

Müqavilə formasının təsdiq edilməsi tərəflərin hüquq və vəzifələrinin konkret müəyyənləşdirilməsinə, sudan istifadə şərtlərinin daha aydın şəkildə əks etdirilməsinə, eləcə də bu sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına xidmət edir.

Qərara əsasən, ödənişlərin məbləği istifadə edilən su obyektinin növündən – Xəzər dənizi, çaylar, göllər və yeraltı sulardan – həmçinin istifadə məqsədindən asılı olaraq fərqlənir. Tariflər götürülən suyun və axıdılan tullantı suyunun həcminə, eləcə də istifadə olunan su akvatoriyasının sahəsinə uyğun müəyyənləşdirilib.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilərkən su təsərrüfatı obyektlərindən su təchizatı və tullantı sularının axıdılması üzrə mövcud qiymətlərlə müqayisədə xeyli aşağı tariflər tətbiq edilib.

Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən 10 000 litr su üçün ödəniş 4 qəpik müəyyən edilib. Çay və göllərdən sənaye məqsədilə götürülən 1 000 litr su üçün 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən 10 000 litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 1 qəpik ödəniş nəzərdə tutulub.

Yeraltı sulardan sənaye məqsədilə götürülən 1 000 litr su üçün ödəniş 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 2 qəpik müəyyən edilib.

Tullantı sularının su obyektlərinə axıdılmasına görə də müvafiq tariflər tətbiq olunur. Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik ödəniş müəyyən edilib. Çay və göllərə məişət tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə hər 1000 litr üçün 4 qəpik ödəniş nəzərdə tutulub.

Tullantı suları sutəmizləyici qurğular vasitəsilə müəyyən edilmiş normalara uyğun səviyyəyə çatdırıldıqdan sonra su obyektlərinə axıdıldığı halda, müəyyən edilmiş ödənişlər 0,7 əmsalı tətbiq edilməklə hesablanır.

Müəyyən edilmiş tariflərdən də göründüyü kimi, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər aşağı səviyyədə müəyyənləşdirilib. Xüsusilə kənd təsərrüfatı sahəsində hər 1000 litr su üçün ödəniş 1 qəpikdən də aşağıdır.

Tətbiq edilən ödənişlərin kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərməsi gözlənilmir və bu tariflər həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli əlavə maliyyə yükü yaratmır.

Yeni mexanizmin tətbiqi su ehtiyatlarından səmərəli və məqsədyönlü istifadənin təşviqinə, sudan istifadə sahəsində uçot və hesabatlılığın gücləndirilməsinə, eləcə də su ehtiyatlarının mühafizəsinin və dayanıqlı idarə olunmasının təmin edilməsinə xidmət edir.

Şəffaflıq.az


Geri qayıt