Əsas Səhifə > REGİON > Türkiyə Yunanıstanın bərpa olunan enerji ilə bağlı yeni reqlamentini tanımayıb

Türkiyə Yunanıstanın bərpa olunan enerji ilə bağlı yeni reqlamentini tanımayıb


Bu gün, 10:21


Türkiyə Yunanıstanın bərpa olunan enerji mənbələri sahəsində qəbul etdiyi reqlamenti hüquqi qüvvəyə malik saymadığını bildirərək, Afinanı Egey dənizində beynəlxalq dəniz hüququnu pozan birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.

Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Önje Keçəli avqustun 19-da qüvvəyə minən Yunanıstanın Ətraf Mühit Nazirliyinin yeni reqlamentini şərh edərkən deyib.

Sənəddə bərpa olunan enerji obyektləri, o cümlədən Egey dənizindəki adalar üçün ciddi məhdudiyyətlər nəzərdə tutulur.

"Yeni reqlamentin Türkiyə üçün hüquqi nəticələri olmayacaq. Daha əvvəl dəfələrlə vurğuladığımız kimi, bu və bu kimi təşəbbüslər Türkiyənin Egey dənizi məsələlərinə dair hüquqi mövqeyinə təsir göstərməyəcək", - Keçəli "X" sosial şəbəkəsində yazıb.

"Xatırladırıq ki, Egey və Aralıq dənizi kimi qapalı və ya yarım qapalı dənizlərdə birtərəfli hərəkətlərdən qaçmaq lazımdır, beynəlxalq dəniz hüququ sahil dövlətləri arasında əməkdaşlığı təşviq edir. Biz bir daha vurğulayırıq ki, Türkiyə Egey dənizinin iki sahil dövlətindən biri kimi həmişə Yunanıstanla əməkdaşlığa hazırdır", - Türkiyə XİN-in nümayəndəsi bildirib.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında - iki qonşu dövlət və NATO üzrə tərəfdaşlar - Egey dənizində ərazi sularının və hava məkanının sərhədləri ilə bağlı bir sıra mübahisəli məsələlər mövcuddur. Ankara dəfələrlə bəyan edib ki, Yunanıstanın birtərəfli təşəbbüsləri Türkiyə üçün qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir.


Geri qayıt