Əsas Səhifə > SİYASƏT > Beynəlxalq təşkilatların mina probleminə laqeyd münasibəti təəssüf doğurur RƏY
Beynəlxalq təşkilatların mina probleminə laqeyd münasibəti təəssüf doğurur RƏYBu gün, 10:29 |
|
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi hələ də ciddi humanitar problem olaraq qalır. Müharibənin başa çatmasından illər keçməsinə baxmayaraq, insanlar bu gün də minaların qurbanlarına çevrilirlər. Yəni, işğalın ağır nəticələri insan həyatını təhdid etməkdə davam edir. Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə işləri aparır. Ərazilərin təhlükəsizliyinin təmin olunması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və bərpa-quruculuq prosesinin sürətləndirilməsi üçün bu istiqamətdə böyük resurslar səfərbər edilir. Lakin minalanmış ərazilərin miqyası problemin yalnız milli imkanlarla qısa müddətdə həllini çətinləşdirir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov deyib. “Təəssüf doğuran əsas məqamlardan biri isə beynəlxalq təşkilatların bu məsələyə laqeyd münasibətidir. Dünyanın müxtəlif bölgələrində mina təhlükəsi ilə bağlı fəal mövqe nümayiş etdirən beynəlxalq qurumların Azərbaycanda mina partlayışları nəticəsində insanların həlak olması və yaralanmasına reaksiyası çox zaman kifayət qədər görünən və ardıcıl deyil. Mina problemi qlobal humanitar təhlükədir və onun qurbanlarına münasibət də eyni olmalıdır. İnsan həyatının siyasi yanaşmalardan asılı olaraq fərqli qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan ərazilərində davam edən mina təhlükəsi də beynəlxalq ictimaiyyətin diqqətində olmalı, bu istiqamətdə real və praktiki dəstək göstərilməlidir. Bu gün azad edilmiş ərazilərdə minatəmizləmə işləri yalnız təhlükəsizlik məsələsi deyil, həm də insanların öz doğma torpaqlarına qayıdışının əsas şərtidir. Buna görə də beynəlxalq təşkilatların susqunluqdan çıxaraq mina probleminin həllinə daha fəal töhfə verməsi vacibdir”, - deyə T.Nurməmmədov qeyd edib. Geri qayıt |