Əsas Səhifə > SİYASƏT > Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olubBu gün, 13:17 |
|
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca yeddinci "Məzun Günü" baş tutub. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb. Tədbirin açılışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, "Technion" Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger, həmçinin "PAŞA Holding"in nümayəndəsi Tuğra Musayeva çıxış ediblər. İRİA-nın İdarə heyətinin sədri Fərid Osmanov çıxışında bildirib ki, kibertəhlükəsizlik rəqəmsal transformasiyanın ayrılmaz tərkib hissəsidir və bu sahədə yüksəkixtisaslı insan kapitalının hazırlanması dövlətin əsas prioritetlərindən biridir. "Ölkə Prezidenti tərəfindən təsdiqlənmiş 'Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı'nda kibertəhlükəsizliyin gücləndirilməsi və bu sahədə peşəkar insan kapitalının inkişafı rəqəmsal transformasiyanın əsas istiqamətləri sırasında yer alır. Rəqəmsal transformasiya sürətləndikcə kibertəhlükəsizlik ölkələrin dayanıqlı inkişafı və milli təhlükəsizliyi üçün əsas prioritetlərdən birinə çevrilir. Bu sahədə uğurun əsas şərti isə güclü insan kapitalıdır. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yarandığı qısa müddət ərzində beynəlxalq standartlara uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verib". Tədbir çərçivəsində məzunlardan ibarət komandanın hazırladığı yekun layihə təqdim edilib. Komanda üzvləri tədris müddətində qazandıqları bilikləri real kibertəhlükəsizlik problemlərinə tətbiq edərək hazırladıqları həlləri və əldə olunan nəticələri nümayiş etdiriblər. Bu tədris dalğasında Mərkəz ilk dəfə olaraq xüsusi imkan təqdim edib. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramında iştirak şansı qazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq. Tədbir zamanı həmin tələbələr xüsusi olaraq təltif olunublar. Sonda 100 məzuna rəsmi qonaqlar məzun sertifikatları təqdim edib. Tədbirin yekununda baş tutan "Karyera sərgisi" çərçivəsində iştirakçılar müxtəlif şirkət və qurumların insan resursları nümayəndələri ilə görüşərək karyera imkanları, təcrübə və iş proqramları və peşəkar inkişaf perspektivləri ətrafında müzakirələr aparıb, şəbəkələşmə imkanı əldə ediblər. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil alan tələbələr beynəlxalq mütəxəssislərdən Red Team (hücum), Blue Team (müdafiə) və Purple Team təlimləri keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl metodologiyalar, strategiyalar və texnologiyalar üzrə praktiki biliklər əldə ediblər. İndiyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 420 nəfər məzun olub, hazırda 8-ci tədris dalğası üzrə 60 tələbə təhsilini davam etdirir. Məzunların işə qəbul faizi 90% təşkil edir ki, onlar həm dövlət qurumları, həm də qabaqcıl yerli və beynəlxalq şirkətlərdə fəaliyyət göstərirlər. Şəffaflıq.az Geri qayıt |