Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Xarxar nekropolunda 500-ə yaxın qəbir abidəsi aşkarlanıb
Xarxar nekropolunda 500-ə yaxın qəbir abidəsi aşkarlanıbBu gün, 13:20 |
|
Gədəbəy rayonu ərazisindəki Xarxar nekropolunda 500-ə yaxın qəbir abidəsi aşkar edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, 2023-cü ildə Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılmış nekropolda arxeoloji kəşfiyyat işlərinə söykənən ilk əsaslı tədqiqat zamanı yerüstü əlamətləri bilinən 130-a qədər qəbir abidəsinin varlığı qeydə alınmışdı. Hazırda isə üst torpaq örtüyün götürülməsi nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilib, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olub. Məlumata görə, qəbirlərin bəziləri dikinə basdırılmış baş və ayaq daşları, qəbir kameraları üzərində cənub-qərb – şimal-şərq istiqamətində uzadılmış sinə daşları ilə müşayiət olunurlar. Yalnız sinə daşları ilə müşayiət olunan qəbirlərin sayı isə daha çoxdur. Qəbirlər sıx salınmışdır və qəbirüstü daşların ölçüsündə qeyri-standartlıq müşahidə olunur. Baş və sinə daşları təxminən 2-2,5 m uzunluğunda, 50-80 sm qalınlığında olub, ağırlıqları 200-300 kq-dan 1 tona qədərdir. Ehtimal etmək olar ki, bu qədər ağır çəkidə qəbir daşları zamanında xüsusi texnologiya ilə qəbristanlığa gətirilib, dəfn mərasimlərində istifadə edilib. Nekropolda arxeoloji qazıntı işlərindən öncə ölçü işləri aparılıb, reperlər təyin edilmiş və qazıntı sahəsi müvafiq qazıntı zonalarına (A, B, C, D, E) və qazıntı kvadratlarına (A1, A2, B1, B2, və i.a.) bölünüb. 10x10 m ölçüdə 17 qazıntı kvadratı (şimal-cənub istiqamətində) müəyyən edilib, 1700 m2-lik ümumi qazıntı sahəsinin 12 kvadratında ilkin mərhələ artıq tamamlanıb. Nekropoldakı qəbirlərin dəqiq sayını və onların tutduğu arealı müəyyən etmək məqsədilə ərazinin üst torpaq örtüyü relyefdən asılı olaraq 20-40 sm qalınlığında götürülüb. Üst torpaq örtüyün götürülməsi nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilmiş, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olub. Bu rəqəm, yerüstü əlamətləri əsasında müəyyən edilmiş qəbirlərin sıralamasında statistik artımı və nekropolun qəbirlərinin real sayını göstərir. Torpaq işlərinin digər kvadratlarda tamamlanması prosesinin sonunda bu qəbirlərin sayında yenə də artım istisna edilmir. Nekropolun qəbirlərində vahid istiqamət prisnsipi gözlənilir. Müşahidə edilib ki, bəzi sapmaları nəzərə alınmasa, əksər qəbirlər cənub-qərb – şimal-şərq istiqamətində salınıb. Qəbir daşları üzərində işlənmə izləri və əlamətləri yoxdur. Daşların, demək olar ki, çox böyük əksəriyyəti təbii qaya, dağ daşlarıdır. Bəzi qəbir daşları qranit cinslidir. Çox az sayda baş və sinə daşlarının səthi kobud formada hamarlanıb. Belə daşların üzərində əsasən cızma üzulu ilə alban xaçları təsvir edilib. Xaç təsvirlərinə müxtəlif formalarda rast gəlinir. Yanları qabartmalı lotos gülü formasında həkk edilmiş xaç təsvirləri daha çox üstünlüyə malikdirlər. Onların sayı az olsa da, alban dövrü xristian simvollarının müəyyən edilməsi baxımından əhəmiyyət daşıyırlar. Tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə alban xaç daşları dövrün memarlığının, incəsənətinin və dini simvolikasının üzvi sintezini yaradıb. Alban xaç daşları haqqında elmi tədqiqatlar alban xristian abidələrinin tarixini arxeoloji və memarlıq baxımından tədqiq etməyə, xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Qeyd edək ki, nekropolun sahəsi 1 ha-dan bir qədər artıqdır. İlkin müşahidələr onu deməyə əsas verir ki, zamanında nekropolun sərhədləri daha geniş əraziləri əhatə edib. Bu fikri yaxın ətraflardan, xüsusilə əkin yerlərindən tapılan eyni formalı qəbir daşlarının aşkarlanması da sübut edir. Ayrıca, nekropolun şərq hüdudunda sərt dağ yamacının torpaqlarını yağış və sel sularının yuması və aşınma nəticəsində bəzi qəbirlər dağıntıya məruz qalıb. Xarxar nekropolu Gədəbəy rayonunun Xarxar kəndində, Xarxarçayın kiçik dağ çayı qolunun hündür sol sahilində, yüksək dağ zirvəzindən çay dərəsinə yönəlik yastı, az maili təpəliyin üzərində qərarlaşır. Növbəti mərhələdə qəbirlərin açılması, dəfn adətlərinin tədqiq edilməsi, insan qalıqları üzərində antropoloji tədqiqatların aparılması və s. işlər planlaşdırılır. İlkin tədqiqatlar onu deməyə əsas verir ki, nekropolda dəfnlər az sayda xristianlığa qədərki mərhələyə, daha çox dəfnlər isə xristianlığın qəbulundan sonrakı mərhələyə aiddir. Təxmin etmək olar ki, xristianlığın qəbulundan sonrakı 4-5 əsr ərzində nekropolda dəfnlər ardıcıl olaraq icra edilmişdir. Nekropolda arxeoloji tədqiqatlar davam edir. Xatırladaq ki, Xarxar nekropolunun yerləşdiyi məkan ilk dəfə 2012-ci ildə mərhum arxeoloq Qoşqar Qoşqarlı tərəfindən Şəmkir və Gədəbəy rayonları ərazisində alban dövrünə aid arxeoloji abidələrin qeydiyyatı aparılan zaman yerli əhalinin verdiyi məlumat əsasında müəyyən edilmiş, əraziyə ilkin arxeoloji baxış keçirilmiş, müşahidələr aparılıb və abidənin xüsusiyyətləri müəyyən edilib. Nekropolda arxeoloji kəşfiyyat işlərinə söykənən ilk əsaslı tədqiqat isə 2023-cü ildə Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılıb, nekropolun tutduğu areal müəyyənləşdirilib, qəbirlərin bəziləri fotolaşdırılmış, abidənin yerləşdiyi ərazinin çevrə koordinatları götürülüb və bu barədə toplanılan informasiya müəllifin elmi hesabatına daxil edilib. Şəffaflıq.az Geri qayıt |