Əsas Səhifə > SİYASƏT > Azərbaycanda nadir avtomobillərin güzəştli idxalı üçün müraciətlər başlayır

Azərbaycanda nadir avtomobillərin güzəştli idxalı üçün müraciətlər başlayır


Bu gün, 13:05


Azərbaycana nadir (raritet) avtomobillərin gətirilməsi zamanı vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı yeni qaydalar müəyyən edilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni qanunvericiliyə əsasən, Mədəniyyət Nazirliyinin verdiyi təsdiqedici sənəd əsasında bir şəxs təqvim ili ərzində yalnız bir nadir avtomobili güzəştli şərtlərlə ölkəyə idxal edə biləcək.

Təsdiqedici sənəd əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla idxal edilən nadir (raritet) avtonəqliyyat vasitələrinə vergi və gömrük güzəştləri tətbiq olunur.

Bu məqsədlə Mədəniyyət Nazirliyi "Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə güzəştli şərtlərlə idxalına dair təsdiqedici sənədin verilməsi Qaydaları"nı hazırlayıb.

Qaydalara əsasən, Nazirlik yanında fəaliyyət göstərəcək Ekspert Komissiyası müraciətlərə baxacaq və avtomobillərin nadir (raritet) statusuna uyğun olub-olmaması barədə rəy verəcək. Qiymətləndirmə zamanı avtomobilin tarixi və mədəni əhəmiyyəti, nadirliyi, kolleksiya dəyəri, orijinallığı, texniki vəziyyəti və digər meyarlar nəzərə alınacaq.

Yeni mexanizmin tətbiqi nadir avtomobillərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunmasına, həmçinin tarixi və kolleksiya dəyəri yüksək olan avtomobillərin ölkəyə gətirilməsinin təşviqinə xidmət edəcək.

Güzəştli idxal üçün təsdiqedici sənəd almaq istəyən şəxslərin elektron müraciətlərinin qəbulu 9 iyul 2026-cı il saat 14:00-dan başlayır. Müraciətlər my.culture.az informasiya sistemi vasitəsilə elektron qaydada qəbul olunacaq.

Müraciətlər iki mərhələdə qiymətləndiriləcək. İlk mərhələdə təqdim olunan sənədlər yoxlanılacaq, daha sonra Ekspert Komissiyası avtomobili ekspertiza və qiymətləndirmədən keçirəcək.

Əlavə məlumat almaq istəyənlər Mədəniyyət Nazirliyinin 147 Çağrı Mərkəzinə zəng edə və ya info@culture.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Şəffaflıq.az


Geri qayıt