Əsas Səhifə > XARİCİ XƏBƏR > NATO sammiti çərçivəsində azı 50 milyard dollar dəyərində yeni razılaşmalar əldə olunub

NATO sammiti çərçivəsində azı 50 milyard dollar dəyərində yeni razılaşmalar əldə olunub


Bu gün, 11:59


NATO-nun Ankarada (Türkiyə) keçirilən sammiti çərçivəsində müdafiə sahəsində ən azı 50 milyard dollar (43,7 milyard avro) dəyərində yeni razılaşmalar əldə olunub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Euractiv" NATO nümayəndəsinə istinadən məlumat yayıb.

Onlar yeni çoxmillətli strateji hava nəqliyyatı donanmasının yaradılmasını və köhnələn təyyarələrin, Hava Hücumundan Müdafiə sistemlərinin və pilotsuz uçuş aparatlarının əvəzlənməsi planlarını nəzərdə tutur.

Belə ki, İsveç aviasiya konserni "Saab" köhnəlmiş "Boeing E-3 Sentry AWACS" təyyarə parkını əvəz etmək üçün 10 ədədədək "GlobalEye" erkən xəbərdarlıq və müşahidə təyyarəsi inşa edəcək. Razılaşma Belçika, Kanada, Danimarka, Almaniya, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç və Rumıniyanı əhatə edəcək.

NATO müttəfiqləri, həmçinin növbəti beş il ərzində dronlara qarşı mübarizə vasitələrinə 40 milyard dollardan (35 milyard avro) çox investisiya yatırmağı və 2027-ci ilin sonuna qədər təlim keçmiş dron operatorlarının sayını beş dəfə artırmağı öhdələrinə götürüblər.

Doqquz müttəfiq NATO-nun universal 155 mm-lik sursat prototipinin işlənib hazırlanması üzərində işləyəcək. Müttəfiqlər sırasına Kanada, Çexiya, Danimarka, Finlandiya, Yunanıstan, Norveç, Slovakiya, İsveç və Türkiyə daxildir, sövdələşmənin ümumi dəyəri 1,6 milyard dollar (1,4 milyard avro) təşkil edir.

Bundan əlavə, Belçika, Xorvatiya, Fransa, Polşa, İspaniya, Türkiyə və Böyük Britaniya yüksək səmərəli "Airbus A400M" hərbi təyyarə parkının yaradılması üzrə yeni çoxmillətli layihəyə başlayıb. Yeddi müttəfiq xərcləri birgə qarşılayacaq və strateji yükləri daşımaq qabiliyyətinə malik təyyarələri birləşdirəcək.

Digər bir sövdələşmə Finlandiyanın da qoşulduğu Belçika, Çexiya, Danimarka, Almaniya, Lüksemburq, Niderland, Norveç və İsveçdə çoxməqsədli yanacaqdolduran təyyarələrin (MRTT) çoxmillətli donanmasının genişləndirilməsini nəzərdə tutur.


Geri qayıt