Əsas Səhifə > Hadisə > Rusiyada 14 il əvvəl Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı açılan cinayət işi üzrə istintaq tamamlanıb

Rusiyada 14 il əvvəl Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı açılan cinayət işi üzrə istintaq tamamlanıb


Bu gün, 16:14


Rusiya ərazisində 2012-ci il dekabrın 24-də Ələs Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd edilməsi faktları üzrə Azərbaycanın Baş Prokurorluğunda davam etdirilən cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sözügedən hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər İstintaq Şöbəsində cinayət işi başlanılıb.

İstintaq zamanı toplanmış sübutlar əsasında 2013-cü il fevralın 21-də, 1987-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayıl-Nəcat Elgün Nazir oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, istintaqdan yayındığına görə barəsində axtarış elan olunub.

2021-ci il avqustun 21-də cinayət işinin aidiyyəti üzrə Azərbaycana göndərilməsi barədə qərar qəbul edilib, cinayət işi Azərbaycanın Baş Prokurorluğuna daxil olduqdan sonra ibtidai istintaqın davam etdirilməsi üçün Gəncə şəhər prokurorluğuna göndərilib.

Gəncə şəhər prokurorluğunda aparılan istintaq zamanı İsmayıl-Nəcat Elgün Nazir oğlunun axtarışı davam etdirilib, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 2026-cı il fevralın 7-də saxlanılıb, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı toplanmış sübutlarla İsmayıl-Nəcat Elgün Nazir oğlunun aralarında yaranmış mübahisə səbəbindən qisas almaq məqsədilə Səxavət Qurbanovu öldürmək niyyəti ilə sonuncunun işlədiyi avtomobil təmiri servisinin qarşısında deşici-kəsici alətlə ona müxtəlif xəsarətlər yetirməsinə, hadisə zamanı Səxavət Qurbanovu müdafiə etmək məqsədilə ictimai borcunu yerinə yetirərək münaqişəyə müdaxilə etmiş Ələs Süleymanovu isə xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında İsmayıl-Nəcat Elgün Nazir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürmə), 29,120.2.10 (təkrar qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şəffaflıq.az


Geri qayıt