Əsas Səhifə > MALİYYƏ > ADB Azərbaycanı dövlət maliyyəsinin idarə edilməsi sistemlərinin gücləndirilməsi üzrə proqrama daxil edib

ADB Azərbaycanı dövlət maliyyəsinin idarə edilməsi sistemlərinin gücləndirilməsi üzrə proqrama daxil edib


Bu gün, 13:18


Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın da daxil olduğu Asiya-Sakit okean regionu ölkələrində fidusiar qiymətləndirmələrin aparılması və dövlət maliyyəsinin idarə edilməsi sistemlərinin gücləndirilməsi üzrə regional proqramın həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib.

Şəffaflıq.az-ın ADB-yə istinadən xəbər verir ki, proqram 43 ölkəni əhatə edəcək və 2026-2028-ci illərdə həyata keçiriləcək.

Təşəbbüsün əsas məqsədi banka üzv ölkələrdə dövlət maliyyəsinin idarə edilməsi və dövlət satınalmaları sistemlərinin səmərəliliyini artırmaqdır. Layihə çərçivəsində kompleks fidusiar diaqnostikanın aparılması, milli sistemlərin təkmilləşdirilməsi üzrə praktiki tövsiyələrin hazırlanması, prioritet islahatların həyata keçirilməsinə dəstək, həmçinin müvafiq dövlət orqanlarının potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.

Bundan başqa, proqramla analitik materialların hazırlanması, region ölkələri arasında qabaqcıl təcrübə mübadiləsi, eləcə də beynəlxalq satınalma sistemlərinin qiymətləndirilməsi metodologiyasından (MAPS) istifadə etməklə dövlət satınalmalarının qiymətləndirilməsi alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bildirilib ki, proqramın həyata keçirilməsi zərurəti dövlət maliyyəsi və satınalmaların idarə edilməsi sistemlərində hələ də qalan çatışmazlıqlarla bağlıdır. Bu çatışmazlıqlar layihələrin icrasının səmərəliliyini azaldır, tranzaksiya xərclərini artırır və bank tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi zamanı milli sistemlərdən istifadə imkanlarını məhdudlaşdırır.

Bank xatırladıb ki, dövlət satınalmalarının diaqnostikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının MAPS metodologiyası əsasında aparılır. Yeni texniki yardım çərçivəsində ADB həmçinin MAPS Rəhbər Komitəsinə daxil olacaq və 2027–2029-cu illər dövrü üçün proqramın katibliyinin maliyyələşdirilməsinə dəstək göstərəcək.

Yeni təşəbbüsün əsasını əvvəlki texniki yardım layihəsinin nəticələri təşkil edib. Həmin layihə göstərib ki, dövlət maliyyəsinin idarə olunması və dövlət satınalmaları sistemlərinin birgə diaqnostikası işlərin təkrarlanmasını azaltmağa, islahat planlarının keyfiyyətini yüksəltməyə və dəyişikliklərin səmərəli şəkildə həyata keçirilməsini təmin etməyə imkan verir. Bununla yanaşı, əvvəlki layihə keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi, prioritetlərin daha dəqiq müəyyən edilməsi və məsləhətçilərin işinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi zərurətini aşkar edib.

Əldə edilmiş təcrübə nəzərə alınmaqla, yeni proqram diaqnostikadan fəaliyyətə keçidə, keyfiyyətin ekspert tərəfindən qiymətləndirməsinin gücləndirilməsinə, icra mərhələlərinin daha aydın müəyyən edilməsinə və analitik işin mütəxəssislərin ixtisasının artırılması üzrə məqsədli proqramlarla uzlaşdırılmasına diqqəti cəmləşdirəcək.


Geri qayıt