Əsas Səhifə > FUTBOL > Şamaxıda müharibə veteranları arasında I ümumrespublika "Yenilməzlər" minifutbol yarışına start verilib

Şamaxıda müharibə veteranları arasında I ümumrespublika "Yenilməzlər" minifutbol yarışına start verilib


Dünən, 23:14


Şamaxıda 44 günlük Vətən müharibəsi veteranları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş I ümumrespublika "Yenilməzlər" minifutbol yarışı layihəsinin açılışı baş tutub.

 Şəffaflıq.az xəbər verir ki, "YAŞA Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-vətənpərvərlik layihəsinin ilk regional mərhələsinə Şamaxı ev sahibliyi edib.

Tədbirlər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlayıb.


Mərasimdə layihənin müəllifi və rəhbəri, "YAŞA Azərbaycan"ın direktoru Şahanə Quluzadə, əməliyyat məsələləri üzrə direktor Anastasiya Lavrina, yerli icra hakimiyyətinin nümayəndələri, Şamaxi rayonu Gənc Qazilər Birliyinin sədri Elvin Məmmədli, Birinci və İkinci Qarabağ müharibələrinin veteranı, Abşeron Rayon Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri Saleh Hacıyev, eləcə də 44 günlük Vətən müharibəsinin veteranları iştirak ediblər.

Tədbirin fəxri qonaqları Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Azərbaycan Memarlar və Rəssamlar İttifaqlarının, UNESCO Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü İsmayıl Hacıyev, Azərbaycanın futbol millisinin baş məşqçisi Ayxan Abbasov olublar.

Rəsmi mərasimdən sonra şəhər stadionunda yarışların ilk regional mərhələsinə start verilib. İştirakçılar və qonaqlar layihəyə ilk qoşulan veteran komandası ilə tanış olub, onların məşq prosesini izləyiblər.


"Yenilməzlər" layihəsi veteranları idman vasitəsilə bir araya gətirən, onların fəal ünsiyyətinə, komanda ruhunun möhkəmlənməsinə və ictimai həyata daha fəal inteqrasiyasına töhfə verən uzunmüddətli sosial-vətənpərvərlik təşəbbüsüdür. Layihə Prezident İlham Əliyevin veteranlara göstərdiyi davamlı diqqət və qayğının, onların sosial rifahının və cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsinə yönəlmiş dövlət siyasətinə əlavə töhfə verməyi qarşısına məqsəd qoyur.

Oyunlar Azərbaycanın müxtəlif bölgələrində davam etdiriləcək və ölkənin müxtəlif regionlarını təmsil edən 12 veteran komandasını bir araya gətirəcək. Layihənin final mərhələsi noyabrın 8-də - Zəfər Günündə keçiriləcək və "Yenilməzlər" minifutbol yarışının qalibi müəyyənləşəcək.


Geri qayıt