Əsas Səhifə > SİYASƏT > Tovuz rayon prokurorluğunda "Açıq Qapı" günü keçirilib

Tovuz rayon prokurorluğunda "Açıq Qapı" günü keçirilib


Bu gün, 11:00


Tovuz rayon prokurorluğunun inzibati binasında media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə "Açıq Qapı" günü keçirilib.

Şəffaflıq.az xəbər verir ki, tədbirin əsas məqsədi prokurorluq orqanlarının fəaliyyəti barədə ictimaiyyətə daha geniş məlumat vermək, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı inkişaf etdirmək, eləcə də hüquqi maarifləndirmə sahəsində görülən işləri iştirakçıların diqqətinə çatdırmaq olub.

Tədbiri giriş nitqi ilə açan Tovuz rayon prokuroru Marif Hüseynov qonaqları salamlayaraq bildirib ki, bu cür görüşlər dövlət qurumları ilə ictimaiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, açıq dialoqun təşviqinə və vətəndaşların hüquqi məlumatlılığının artırılmasına mühüm töhfə verir. O, rayon prokurorluğunun fəaliyyət istiqamətləri, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən tədbirlər, vətəndaş müraciətlərinə baxılması qaydaları və qanunun aliliyinin təmin olunması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında həyata keçirilən müasir islahatlar, rəqəmsallaşma prosesləri və vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş təşəbbüslərdən danışıb. Qeyd olunub ki, "Elektron prokurorluq" informasiya sistemi və digər innovativ həllər vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, müraciətlərin daha operativ və şəffaf şəkildə araşdırılmasına imkan yaradır.

Daha sonra iştirakçılar üçün rayon prokurorluğunun fəaliyyət sahələri barədə təqdimatlar keçirilib, onları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb və ünvanlanan suallar cavablandırılıb.

Tədbir çərçivəsində qonaqlar Tovuz rayon prokurorluğunun inzibati binası ilə tanış olub, əməkdaşların iş şəraiti və gündəlik fəaliyyəti barədə məlumat əldə ediblər. Həmçinin, "Elektron prokurorluq" informasiya sisteminin funksional imkanları nümayiş etdirilib, müasir kriminalistik texnika və avadanlıqların istintaq prosesində tətbiqi barədə əyani təqdimat keçirilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotoşəkil çəkdirilib.


Geri qayıt