Əsas Səhifə > İnfrastruktur > Azərbaycan Rusiya və İranla "e-permit" sisteminin tətbiqini razılaşdırıb

Azərbaycan Rusiya və İranla "e-permit" sisteminin tətbiqini razılaşdırıb


Bu gün, 12:08


Azərbaycan Rusiya və İranla "e-permit" sisteminin tətbiqinə dair razılıq əldə edib.

Şəffaflıq.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük Daşımaları Departamentinin direktoru Sübhan Əbilov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan təkcə tranzit yükdaşımalarında mühüm rol oynamır: "O, eyni zamanda aktiv beynəlxalq yükdaşımalarında daşıyıcı ölkə kimi çıxış edir. Azərbaycanın Monqolustan və Çindən başlayaraq, Böyük Britaniyayadək uzanan 52 ölkədə beynəlxalq yükdaşımalarında iştirak etmək imkanı var. Biz bu daşımalarda çox aktiv iştirak edirik. Bundan əlavə, eyni zamanda rəqəmsallaşma sahəsində də çox mühüm işlər görülüb. Göstərilən yükdaşımalar sahəsində bütün xidmətlər elektronlaşdırılıb".

O əlavə edib ki, bu sahədə ən vacib məsələ xüsusilə bütün ölkələrin beynəlxalq yükdaşımalarında istifadə etdiyi xarici ölkələrin icazə blanklarıdır: "Bununla yüzminlərlə sənəd mübadilə olunur və həmin sənədlər eyni zamanda daşıyıcılara, sürücülərə beynəlxalq yükdaşımaların həyata keçirilməsi üçün verilir. Ən böyük daşıma coğrafiyalarımızdan olan Rusiya və İranla razılıq əldə olunub ki, "e-permit" sistemi tətbiq olunsun".


Geri qayıt