Əsas Səhifə > XARİCİ XƏBƏR > Ukrayna Rusiyanın Vladimir vilayətindəki enerji obyektinə zərbə endirildiyini təsdiqləyib

Ukrayna Rusiyanın Vladimir vilayətindəki enerji obyektinə zərbə endirildiyini təsdiqləyib


Dünən, 21:38


Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın Vladimir vilayətindəki "Vtorovo" istehsalat-dispetçer stansiyasına zərbə endirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə UTX-nin "Telegram" kanalındakı bəyanatında deyilir.

"UTX-nin "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin mütəxəssisləri Rusiyanın Vladimir vilayətindəki stansiyanı vurublar. Stansiya magistral neft məhsulları boru kəmərləri sistemində mühüm qovşaqdır və Rusiyanın mərkəzi hissəsindəki neft emalı zavodlarından xammalı (əsasən, dizel yanacağını) ixrac limanlarına və daxili istehlakçılara nəql edir. O, Moskva ətrafındakı iri neft bazalarını və Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarını yanacaqla təmin edir", – qurumdan bildirilib.

Dəqiqləşdirilib ki, zərbədən sonra obyektdə 800 kvadratmetr sahəni əhatə edən yanğın baş verib.

"Mülki infrastruktura və dinc insanlara məqsədyönlü şəkildə hücum edən düşməndən fərqli olaraq, Ukrayna yalnız Rusiya təcavüzünün təmin edilməsi ilə bağlı olan hərbi və strateji hədəflərə dəqiq zərbələr endirir. Təhlükəsizlik Xidməti dövlətimizə qarşı müharibənin aparılmasına xidmət edən Rusiyanın hərbi və iqtisadi potensialının azaldılması üzrə Ukrayna Prezidentinin tapşırıqlarını sistemli şəkildə yerinə yetirməyə davam edir", – qurumdan qeyd edilib.

UTX rəhbəri Yevgeni Xmara bildirib ki, Ukraynanın Rusiya ərazisinə zərbələrinin intensivliyi artacaq.


Geri qayıt