Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rumıniyada hökumət parlamentin qərarı ilə istefaya göndərilib

Rumıniyada hökumət parlamentin qərarı ilə istefaya göndərilib


Bu gün, 16:22


Rumıniya parlamenti mayın 5-də Baş nazir İlie Bolojanın sağmərkəzçi hökumətini istefaya göndərib.

Şəffaflıq.az Rumıniya KİV-lərinə istinadən xəbər verir ki, etimadsızlıq qərarının qəbulunda Rumıniyanın solmərkəzçi Sosial-Demokrat Partiyası (PSD) əsas rol oynayıb.

Apreldə o, Milli Liberal Partiyasının rəhbərlik etdiyi hakim koalisiyadan çıxıb və Baş naziri devirmək üçün ifrat sağçı "Rumınların Birləşməsi uğrunda Alyans"la əməkdaşlıq etmək niyyətini bəyan edib.

Səsvermədən əvvəl çıxış edən İ.Bolojan təşəbbüsün süni xarakter daşıdığını bildirib. O qeyd edib ki, çoxsaylı böhranlar şəraitində ölkələr hakimiyyətin dəyişdirilməsinə deyil, onun möhkəmləndirilməsinə can atırlar.

İ.Bolojan sabiq Baş nazir Marçel Çolakının istefasından sonra 2025-ci ildən hökumətə rəhbərlik edirdi. Onun istefası prezident seçkilərindən bir ildən az müddət sonra baş verib, həmin seçkilərdə Buxarestin meri Nikuşor Dan "Rumınların Birləşməsi uğrunda Alyans"ın lideri Corce Simionun üzərində qələbə qazanmışdı.

Parlament debatları zamanı Simion vaxtından əvvəl seçkilərin keçirilməsinə çağırış edərək "rumınların ümidlərinin bərpası"nın zəruriliyini bəyan edib.

Gözlənilir ki, Prezident N.Dan yeni hökumətin formalaşdırılması üçün siyasi partiyalarla məsləhətləşmələrə başlayacaq.


Geri qayıt