Əsas Səhifə > Mədəniyyət > Salyanda nadir memarlıq nümunəsi: bir əsrə yaxın yaşı olan binanın təmirə ehtiyacı var
Salyanda nadir memarlıq nümunəsi: bir əsrə yaxın yaşı olan binanın təmirə ehtiyacı varBu gün, 14:02 |
|
Salyan rayonunda nadir memarlıq elementləri ilə seçilən, təxminən bir əsrə yaxın yaşı olan yaşayış binasının müəyyən konstruksiya elementləri sıradan çıxmağa başlayıb. Şəffaflıq.az xəbər verir ki, rayonun Babazənan yaşayış massivində yerləşən iki mərtəbəli, səkkiz mənzilli yaşayış binası özünəməxsus memarlıq üslubu ilə seçilir. 1930-cu ildə inşa edildiyi bildirilən binada hazırda altı ailə yaşayır. Tikilinin əsas fərqləndirici cəhətlərindən biri onun taxta konstruksiyalı fəsadıdır. Tarixçi-tədqiqatçı Sahib Həsənovun sözlərinə görə, bu tip binalar XIX əsrin sonlarından XX əsrin 30-cu iilərinədək Azərbaycanın müxtəlif bölgələrində geniş yayılıb. O qeyd edib ki, sözügedən tikili memarlıq baxımından daha çox Cənub bölgəsinə xas yaşayış evlərini xatırladır. Eyni zamanda, Aran zonasında, xüsusilə, Salyan və Neftçala rayonlarında rast gəlinən köhnə evlərlə oxşarlıq təşkil edir. Binanın ən diqqətçəkən hissəsi fəsad örtüyüdür. Tikili uzun üfüqi deyil, kiçik kvadrat və düzbucaqlı formalı taxta parçalarla üzlənib. Bu taxta hissələr biri-birinin üzərinə yuxarıdan aşağıya doğru düzülərək balıq pulcuğunu xatırladan fərqli görüntü yaradır. Mütəxəssislərin fikrincə, həmin üsul binanı yağışdan, küləkdən və rütubətdən qorumaq məqsədi daşıyır. Lakin illərin təsiri bu nadir tikilidə də öz izini buraxıb. Binanın bəzi hissələrində köhnəlmə və aşınma müşahidə olunur, müəyyən konstruksiya elementləri isə sıradan çıxmağa başlayıb. Mütəxəssislər hesab edirlər ki, belə memarlıq nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılması vacibdir.. Çünki bu bina yalnız yaşayış sahəsi deyil, həm də bölgənin memarlıq tarixini yaşadan nadir nümunələrdən biridir. Salyan Mənzil Kommunal Təmir-Tikinti MMC-dən "Report"un yerli bürosuna bildirilib ki, bina hazırda müəssisənin balansındadır. Qurumdan bildirilib ki, tikilidə əsaslı bərpa və restavrasiya işlərinin aparılması yalnız müvafiq Dövlət Proqramı əsasında mümkün ola bilər. Qeyd edək ki, təxminən bir əsrə yaxın yaşı olan bu tip yaşayış binası Salyan rayonunda günümüzədək qorunub qalan yeganə nümunədir. Geri qayıt |