Əsas Səhifə > XARİCİ XƏBƏR > Ermənistanın keçmiş müdafiə naziri partiya təsis edib
Ermənistanın keçmiş müdafiə naziri partiya təsis edib6-04-2024, 12:17 |
Ermənistanda keçmiş müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi Ümumerməni Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb. Bildirilib ki, qurultay İrəvanda “Armenia Marriot” hotelinin “Tiqran Mets” zalında keçirilib. A.Karapetyan qurultayda çıxış edərək deyib: “Güclü Ermənistan quracağıq”. Məlumata görə, keçmiş müdafiə naziri sədr, Ovanes Şaqinyan isə siyasi təşkilatın baş katibi vəzifəsinə seçilib. Qeyd edək ki, A.Karapetyan 2016-cı il Aprel döyüşlərində biabırçı fəaliyyəti ilə yadda qalıb. Döyüşlərdən bir neçə gün sonra o vaxtkı prezident Serj Sarqsyanın əmri ilə tutduğu silahlı qüvvələrin baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən yol verdiyi nöqsanlara görə azad edilmişdi. İddialara görə, Karapetyanın rəhbərlik etdiyi kəşfiyyat idarəsi vəzifələrini yerinə yetirməkdə səhlənkarlığa yol verib, nəticədə Ermənistan tərəfi 2016-cı ildə Aprel döyüşləri ilə bağlı kifayət qədər məlumat əldə edə bilməyib. O, bir müddət sonra Ermənistanın Baş naziri Nikol Paşinyana qoşulub. Paşinyan 2021-ci ildə əvvəl onu Baş Qərargah rəisinin birinci müavini, sonra müdafiə naziri vəzifəsinə təyin edib. 2022-ci ildə isə vəzifəsindən azad edilib. Bundan sonra o, “Ümumerməni Hərəkatı” adlı siyasi təşkilat yaradacağını bildirmişdi. Xatırladaq ki, “Armenia Marriot” hoteli də yaddaqalan yerdir. Ermənistan KİV-i bu mehmanxanada keçmiş prezidenti Robert Koçaryanın 6 milyon dollar rüşvət aldığını yazmışdı. Geri qayıt |