Əsas Səhifə > Cəmiyyət > Ölü kimi qeydiyyata alınan Quba sakini haqqında qərar ləğv olunub - FOTO

Ölü kimi qeydiyyata alınan Quba sakini haqqında qərar ləğv olunub - FOTO


1-05-2023, 15:25


11 ildən çoxdur Quba rayon qeydiyyat şöbəsində ölü kimi qeydiyyatda olan və bu səbəbdən Rusiyadan qayıda bilməyən Quba sakini Abil Zeynalovdan xəbər var.

Belə ki, Bizim.media Abil Zeynalovun qardaşı Nazim Zeynalovla əlaqə saxlayıb. Nazim Zeynalov bildirib ki, artıq Quba rayonunda qardaşı Abil Zeynalov ölü kimi qeydiyyatdan çıxarılıb:

“Biz Quba Rayon Məhkəməsinə müraciət etdik. Üç dəfə məhkəmə prosesi keçirildi. Yerli icra nümayəndəliyindən verilən lazımi sənədləri və qardaşımın həqiqətən də Rusiyada sağ olması ilə bağlı yanındakı şahidlərə istinadən hazırlanan sənədi də məhkəməyə təqdim etdik. Məhkəmə əvvəlki qətnaməni ləğv etdi və qardaşımın sağ olması barədə yeni qətnamə verdi”. 

Nazim Zeynalov qeyd edib ki, həmin məhkəmə qətnaməsinə əsasən, qardaşı Abilin Azərbaycan Daxili İşlər Nazirliyində ölü kimi qeydiyyatı ləğv olunub.

Onun sözlərinə görə, indi qardaşının 12 ildən sonra vətənə dönməsi Rusiyanın Yekaterinburq şəhərində yerləşən Azərbaycan konsulluğundan asılıdır:

“Azərbaycandan bütün lazımi sənədləri konsulluğa çatdırmışıq. Azərbaycanın Rusiyadakı səfirliyinin və Yekaterinburqdakı konsulluğumuzun rəsmilərinin bu məsələyə operativ baxmağını istəyirik. Qardaşıma müvafiq icazə sənədi verilməsi lazımdır ki, Qubaya qayıda bilsin. Ömür qısadır, vəfasızdır, 12 ildir vətənə gələ bilməyən qardaşımın həyatına vətən həsrəti son qoya bilər”. 

Nazim Zeynalov Azərbaycanın Rusiyadakı səfirliyinin bu məsələyə həssaslıqla yanaşacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba Rayon Məhkəməsi tərəfindən 9 sentyabr 2011-ci il tarixində qətnamə qəbul edilib. Bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib olunub.


Şəffaflıq.az


Geri qayıt