Əsas Səhifə > Cəmiyyət > Şəffaflıq və səmərəlilik: dövlət müəssisələri nə üçün kommersiyalaşdırılır?

Şəffaflıq və səmərəlilik: dövlət müəssisələri nə üçün kommersiyalaşdırılır?


28-07-2022, 17:34


Azərbaycan iqtisadiyyatında dövlət müəssisələri mühüm rol oynayır: 14 iri dövlət müəssisəsi dövlət büdcəsinə bütün vergi daxilolmalarının dörddə birini, ölkədə məşğulluğun isə 25 %-ni təmin edir. Üstəlik, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin ən böyük vergi ödəyicisidir.

Ölkədə azı 29 sektorda fəaliyyət göstərən 5 000-dən çox dövlət müəssisəsi var. Buraya istehsal, otel biznesi və bank işi daxildir. Bir çox iri dövlət müəssisələri öz sahələrində inhisar və ya demək olar ki, monopoliya statusuna malikdir. Lakin bir çox dövlət müəssisələri əhəmiyyətli dərəcədə subsidiyalar əldə etməsinə baxmayaraq, həm büdcəyə cüzi töhfə verir, həm də itkilərlə üzləşir.

Buna görə də əksər dövlət müəssisələrinin səmərəsiz işləməsi, yüksək borc yükü, itkiləri və ödəmə qabiliyyətini itirmək riski ilə əlaqədar Azərbaycanın dövlət büdcəsi üçün risklərin qarşısını almaq məqsədilə 2019-cu ilin iyunundan belə müəssisələrlə bağlı islahatlar proqramının icrasına başlanılıb. Xüsusilə, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini əhatə edən korporativ idarəetmənin qaydaları və standartları qəbul edilib. Bundan başqa, nəticəyə əsaslanan mükafatlandırma sistemi yaradılıb.

Yeri gəlmişkən, iri müəssisələrin idarəetməsini və fəaliyyətini təkmilləşdirmək üçün 2020-ci ilin avqustunda Azərbaycan İnvestisiya Holdinqi təsis edilib. Ona 14 ən iri dövlət müəssisəsinin idarəçiliyi həvalə olunub. Əslində, bu qərar hökumətin dövlət mülkiyyətində qalacaq strateji dövlət müəssisələrinin maksimum dərəcədə səmərəliliyinin artırılması və idarəetmənin gücləndirilməsi ilə bağlı səy göstərdiyini təsdiqləyir. Axı, holdinqə verilən dövlət müəssisələrinin əksəriyyəti zərərlə işləyirdi.

Bu arada, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, təmixnən son 2 ildə bir sıra dövlət müəssisələrinin səmərəliliyinin və idarəetmədə şəffaflığın təmin edilməsində bir sıra nailiyyətlər əldə edilib: “Bizim naliyyətimiz müəssisələrin səmərəliliyinin artırılması, sadə dillə desək mənfəətliliyinin artırılması ilə ölçülür. Əgər müəssisə struktur nöqteyi-nəzərdən mənfəət gətirə bilmirsə, deyək ki, tarif siyasətinə və ya hansısa başqa bir obyektiv səbəblərə görə, o zaman onun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə ölçülür. Azərbaycan İnvestisiya Holdinqinin portfelinə daxil olan şirkətlərin tam əksəriyyətində bunu müşahidə edirik”.

Nazirin sözlərinin təsdiqi kimi qeyd edək ki, holdinqin tərkibinə daxil olan dövlət şirkətləri – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “AzerGold”, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO), Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Azərbaycan Beynəlxalq Bankı" (ABB), "Azər-Türk Bank"ı 2021-ci ili əməliyyat mənfəəti ilə başa vurub.

2022-ci ilin birinci rübündə də maliyyə göstəricilərində müsbət tendensiya müşahidə olunub. Məsələn, SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq 2,1 milyard manat xalis mənfəət əldə edib. Eyni zamanda, 2022-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin EBITDA-sı düz 3 milyard manata çatıb.

ASCO isə 2021-ci ili 51,792 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2020-ci illə müqayisədə 15 % çoxdur. Üstəlik, onun əməliyyat gəlirləri 9 % artaraq 459,133 milyon manata çatıb.

ABB-yə gəlincə, bank 2021-ci ili 208,8 milyon manat xalis mənfəətlə (2020-ci illə müqayisədə 61,4 % artım) başa vurub. Ötən il Azərbaycan Beynəlxalq Bankının gəliləri isə 604,652 milyon manata (artım 13,7 %) çatıb. Qeyd edək ki, ABB bu ilin birinci yarısında 335,496 milyon manatlıq gəlirlə (artım 6,6 %) düz 118,4 milyon manat xalis mənfəət əldə edib.



Ötən il "Azər-Türk Bank"ın xalis mənfəəti 29 % artaraq 546 min manata, gəlirləri isə 35,819 milyon manata (artım 15,4 %) çatıb. Bank cari ilin birinci yarısını 812 min manat (artım 81,3 %) mənfəətlə başa vurub. Onun gəlirləri isə 23 milyon 219 min manat (artım 60,4 %) təşkil edib.

Beləliklə, Azərbaycan İnvestisiya Holdinqinin yaxın illərdə dövlət şirkətlərinin idarə etdirilməsi, dövlət müəssisələrinin daha da inkişaf etdirilməsi üçün yol xəritəsi qəbul etmək niyyətində olduğunu nəzərə alsaq, holdinqə daxil olan digər şirkətlərin maliyyə göstəricilərində yaxşılaşma gözləmək olar.

Bu arada, Beynəlxalq Valyuta Fondunun (IMF) fikrincə, Azərbaycan iqtisadiyyatında dövlət iştirakının azaldılması istiqamətində aparılan uğurlu islahatlar özəl sektora əsaslanan artım modelinə keçidə yardım göstərəcək və fiskal risklərin azaldılmasına kömək edəcək.



Bundan başqa, IMF iqtisadçıları kommersiya fəaliyyətini qeyri-kommersiya fəaliyyətindən ayırmağı təklif edir və sonuncunun büdcədən maliyyələşdirilməli olduğunu bildirirlər. Həmçinin Azərbaycan İnvestisiya Holdinqi vasitəsilə dövlət müəssisələrində şəffaflığın və fəaliyyətin monitorinqinin artırılması, özəlləşdirmənin və zəruri hallarda maliyyə restrukturizasiyasının təşviq edilməsi və dövlət müəssisələrində islahatların sosial təsirinin azaldılması üzrə tədbirlərin tətbiqi təklif edilir.

Bununla yanaşı, Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökumətini iri dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqinə yönəlmiş islahatların genişləndirilməsini davam etdirməyə və özəlləşdirməyə çıxarılan müəssisələrin maliyyə cəhətdən sağlamlaşdırılmasına diqqəti artırmağa çağırıb.

ADB analitikləri hesab edirlər ki, dövlət satınalmaları prosedurlarının təkmilləşdirilməsi, yüksək keyfiyyətli dividend siyasətinin yaradılması, dövlət müəssisələrinin rəhbərlərinin təyinatı sisteminin dəyişdirilməsi, yeni mükafatlandırma sisteminin yaradılması və s. zəruridir: “Bundan başqa, dövlət müəssisələrinin rüblük maliyyə hesabatlarının, strategiyalarının, onların fəaliyyətinin nəticələrinin, kənar auditorların rəylərinin dərcinin şəffaflığını artırmaq lazımdır”.

Asiya İnkişaf Bankının qiymətləndirilməsinə görə, dövlət müəssisələrinin səmərəsiz fəaliyyət göstərməsinin digər səbəbi onların məşğulluq və sosial təminat sahəsində dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsidir: “Bundan başqa, demək olar bütün dövlət müəssisələrində maliyyə vəziyyətinin əlverişsiz olması səbəbindən dövlət büdcəsindən dəstəyə ehtiyac var”.

Yeri gəlmişkən, Dünya Bankı da Azərbaycan hökumətinin dövlət müəssisələrində idarəetmənin səmərəliliyini artırmaq üçün həyata keçirdiyi islahatları dəstəkləyir. Bank hesab edir ki, bundan sonrakı proses dövlət əmlakının qorunub saxlanmasını əsaslandırmağa yönəlmiş ardıcıl islahatların keçirilməsini tələb edəcək. Həmçinin iqtisadiyyatın dominant sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrində tənzimləyici, direktiv və əməliyyat funksiyalarında dövlətin rolunun bölünməsi tələb olunur.



Dünya Bankının tövsiyələrinə həmçinin əməliyyat səmərəliliyinin artırılması üçün şirkətlərin stimullaşdırılması və hesabatlılığın yüksəldilməsi ilə bağlı təkliflər daxildir. Bank hesab edir ki, özəl investorları rəqabətqabiliyyətli sektorlara cəlb etmək üçün dövlətin bəzi müəssisələrdə iştirakdan imtina etməsi lazımdır. Dünya Bankının analitiklərinin fikrincə, zəruri sosial müdafiə sistemlərinin, təlim, təkmilləşdirmə şəklində digər dəstək formalarının, həmçinin dövlət müəssisələrinin səmərəliliyinin artırılması nəticəsində azad olunmuş işçi qüvvələrinə iş yerlərinin tapılması üzrə dəstəyin tətbiqi lazımdır.

Nəticədə aparılan islahatlar dövlət müəssisələrinin zərər görən şirkətlərdən gəlir əldə edən şirkətlərə keçidini, borc öhdəlikləri üzərində nəzarəti təmin edəcək və həddindən artıq xərclərin qarşısını alacaq. Üstəlik, yeni gəlir mənbələri yaratmaq yolu ilə büdcə subsidiyalarını minimuma endirmək olar.

Bir sözlə, Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, onun regional tranzit-nəqliyyat qovşağına çevrilməsi imkanlarını yaradır, ona görə də dövlət şirkətlərinin güclənməsi hesabına onların qlobal bazarda rəqabət qabiliyyətinin yalnız artacağını söyləyə bilərik.


Geri qayıt