Əsas Səhifə > SAĞLAMLIQ > Çimərlik və hovuzlarda xəstəliklərdən necə qorunmalı?

Çimərlik və hovuzlarda xəstəliklərdən necə qorunmalı?


20-06-2022, 15:39
 


İki illik pandemiya, karantin rejimi, xəstəlik qorxusundan sonra bu il çimərliyə, hovuzlara getməyi arzulayanlar yenə də diqqətli olmalıdır.


Çünki hovuzlarda və çimərliklərdə bütün dünyada yeni yayılmağa başlayan meymun çiçəyi, mədə bağırsaq xəstəlikləri, müxtəlif dəri xəstəliklərinə yolxuma riski var.

Qumun üzərinə qoyulan əşyalar, əşyaların paylaşılması və s. bu kimi diqqət yetirilməyən proseslər sizi uzun müddət çimərliklərdən, hovuzlardan uzaq sala, yay istirahətinizi poza bilər. Həkim-terapevt Məlahət Abbasova öz açıqlamasında bildirib ki, hovuzların suyu tez-tez dəyişdirildiyi üçün hovuzlarda xəstəliklərə yoluxma riski az olur.

Amma buna baxmayaraq, hər bir şəxs getdiyi mərkəzin təmiz olduğuna əmin olmalıdır. Su tez-tez dəyişdirilmir, dərmanlanmırsa, bu sağlamlıq üçün təhlükə yarada bilər: “Ancaq hovuza getdiyiniz zaman siz suyun şəffaflığına baxaraq, təmiz olub-olmadığını müəyyən edə bilərsiniz. Suya təmizlənməsi üçün xlor və ya digər maddələr vurulur. Bəzən bu maddələrin çox düşməsi də müxtəlif xəstəlikıərə yol aça bilir. Əgər bədəninizdə, dərinizdə hər hansı bir açıq yara varsa hovuza girdiyiniz zaman daha diqqətli olmalısınız. Hovuz suyunu udmaq olmaz”.

Mütəxəssis bildirir ki, çimərliklərdə də müxtəlif təhlükələr ola bilər. Buna görə də bir nüçə tövsiyyəyə əməl etmək lazımdır.

1 . Dəsmalınızı qoymadan günəş kürsüsündə (şezlonq)oturmayın.

2. Sakit və köpüklü dəniz sizi xəstə edə bilər.

3. Hovuz doludursa, girmək məsləhət deyil.

4. Hər dəfə suya girib çıxanda çimərlik paltarınızı dəyişdirin.

Çimərliklər ümumi olduğu üçün təmiz mühit hesab edilmir.

Məsələn qumun üzərinə qoyulmuş dəsmal mikroblarla təmasda olur və siz dənizdən çıxıb qurulanmaq istədiyiniz zaman bu dərinizə nüfuz edə bilər.  Buna görə də qurulanmaq üçün olan dəsmallar çantada saxlanılmalıdır. Şezlonqlara hər gün müxtəlif insanlar uzanır, istirahət edir. Bunu nəzərə alaraq, altınıza dəsmal salmadan şezlonqlara uzanmayın.  İstirahətiniz zamanı xəstələnməmək üçün hovuz ərazisinin, duşların, paltardəyişmə kabinlərinin və günəş şezlonqlarının təmizliyinə diqqət yetirilməlidir. Şezlonqun üzərinə sərdiyiniz dəsmalla üz və ya bədəninizi qurutmayın.

Həkim bildirir ki, yaxşı təmizlənməyən, dövranı çox olmayan durğun hovuzlarda bir çox xəstəliklərin yaranma təhlükəsi var. Genital maya infeksiyaları, ishal, sidik yolu infeksiyası, hepatit A, göz, qulaq və dəri infeksiyaları hovuz suyunun yaratdığı xəstəliklərdir: “Azərbaycanda meymun çiçəyi xəstəliyi hələ yoxdur. Və bu elə xəstəlikdir ki, yoluxan insanlar dərhal seçilir. Təbii ki, ətrafınızda, getdiyiniz hovuzda, çimərlikdə xəstə olduğunu hiss etdiyiniz şəxs varsa, suya girməyin, yerinizi dəyişdirin. Bəzən dəniz suyundan, hovuzdan xəstəlik keçməsə belə, düşüncə, qorxu belə insanı xəstə edə bilir”.

Dəniz suyu duzlu olduğundan xəstəlik törədən mikroorqanizmlərin yaşaması daha çətindir. Buna baxmayaraq, durğun, çirkli və köpüklü dənizlər də hovuzlar kimi infeksiya riski daşıyır.

Həkim bildirir ki, hepatit A, bir çox ishal və bağırsaq parazitləri ağızdan ötürülür. Çirklənmiş hovuz və dəniz suyunun qəbulu ilə mikroblar həzm sisteminə daxil olur və xəstəliklər yaranır. Xüsusilə tutumunu aşan hovuzlarda və uşaq hovuzlarında bu risk çox yüksəkdir. Tətilin son günlərində ishal olanlar, xüsusən də uşaqlar hovuza getməməlidir.

Dənizə və ya hovuza girdikdən sonra…

Genital göbələklərin ən əhəmiyyətli səbəbi rütubət və yaşdır. Bu xəstəliklər yaxşı təmizlənməyən yerlərdə daha asan ötürülür. Yaş çimərlik paltarı ilə gözləməmək, hovuzdan çıxdıqdan sonra duş qəbul etmək, yaxşıca quruyub çimərlik paltarını dəyişmək mümkün infeksiya riskini azaldır.

Şəffaflıq.az

Geri qayıt