Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur22-03-2022, 12:08 |
Azərbaycan martın 21-də İsveçrənin Cenevrə şəhərində işə başlamış Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti iclasında təmsil olunur. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, ölkəmizi iclasda nazir müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Tədbir çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, bu il və gələcək illər üzrə fəaliyyət planları, maliyyə sənədləri və bir sıra digər məsələlər müzakirə edilib. Azərbaycan rəsmisi tədbirin ilk günündə çıxış edərək, ölkədə İKT infrastrukturunun inkişafı və rəqəmsal transformasiya üzrə görülən işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. O, bildirib ki, Azərbaycanda əhalinin təxminən 85%-i internetdən istifadə edir. “Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və GPON, LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır”, – deyə R.Rüstəmov qeyd edib. Nazir müavini ölkəmizdə bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinə önəm verildiyini diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanda bütün əhali mobil şəbəkə ilə əhatə olunub, mobil genişzolaqlı internet geniş yayılıb. Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı xidmət abunəçilərinin sayı 73-ə bərabərdir. Nazir müavini əlavə edib ki, rabitə rəqəmsal transformasiyanın ilkin şərtidir və bu, hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda strateji hədəflərdən biridir. Bu məsələdə ölkəmiz BTİ-nin əhəmiyyətli roluna böyük önəm verir. Belə ki, BTİ hökumətlərin və digər maraqlı tərəflərin əməkdaşlıq etmək, ən yaxşı təcrübələri bölüşmək və çətin problemləri həll etmək üçün bir araya gəldiyi vacib platformadır. R.Rüstəmov, eyni zamanda bu ilin sentyabr-oktyabr aylarında Buxarest şəhərində keçiriləcək Səlahiyyətli Konfransda Azərbaycanın növbəti müddət üzrə Şura üzvlüyünə və ölkəmizin nümayəndəsi Sahibə Həsənovanın təşkilatın Radio Tənzimləmə Bürosunun üzvlüyünə namizədliklərinin irəli sürüldüyünü bəyan edib. Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014 və 2018-ci illərdə ard-arda Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviç və Standartlaşdırma Bürosunun direktoru Çeysub Li ilə görüşlər keçirib, BTİ ilə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə müzakirələr aparıb. Həmçinin ABŞ, Rumıniya, Türkiyə, Qana və Uqanda nümayəndə heyətləri ilə baş tutan ikitərəfli görüşlər zamanı BTİ çərçivəsində tərəfdaşlıq üzrə perspektivlər və təşkilatın növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçiriləcək seçkilərdə iştirak haqqında fikir mübadiləsi aparılıb. Şəffaflıq.az Geri qayıt |