Əsas Səhifə > Gündəm > "Koronavirusa aid şikayətlər 3 gündən artıq davam edərsə, mütləq KT aparılmalıdır" - Həkim

"Koronavirusa aid şikayətlər 3 gündən artıq davam edərsə, mütləq KT aparılmalıdır" - Həkim


24-12-2020, 10:41

 

COVİD-19 xəstəliyinə aid hər hansı bir şikayətiniz - boğaz qıcıqlanması, boğaz ağrısı, burun tutulması, burun axması, öskürək, hərarətin yüksəlməsi, baş ağrısı, iybilmə və dadbilmə hissiyyatının pozulması, üşütmə, kürək-bel ağrıları, əzələ-oynaq-sümük ağrıları, halsızlıq, ürəkbulanma, qusma, mədə-bağırsaq pozğunluqları, ishal-diareya və s. oxşar əlamətlər varsa, poliklinikaya zəng edib sahə həkimi ilə əlaqə saxlayın, ilk növbədə gəlib sizdən test analizi götürsünlər.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, bu şikayətlər 3 gündən artıq davam edərsə, saturasiya 94-dən aşağı düşərsə və əlavə olaraq boğulma, təngnəfəslik, hava çatışmazlığı şikayətləri əlavə olarsa, mütləq döş qəfəsi orqanlarının kompütür tomoqrafiya müayinəsi aparılmalıdır.

Həkim qeyd edib ki, kompüter tomoqrafiyası zamanı müəyyən edilən “buzlu şüşə" mənzərəsi buzlaşma, kristallaşma, buz kristalları deyil. Bu, bir görüntü, əlamətdir və COVİD -19 xəstəliyindən illər öncədən radioloqların demək olar ki, hamısının istifadə etdiyi bir termindir.

Onun sözlərinə görə, KT və rentgen müayinəsində istifadə edilən x-şüaları (Rentgen şüaları) normal, hava ilə dolu ağciyərlərdən rahatlıqla keçir və bu, şəffaflıq adlanır. Çünki normal ağciyərlər x-şüaları üçün şəffaf mühitdir. Bəzi ağciyər xəstəliklərində, eləcə də ağciyərlərdə dəyişiklik yaradan COVİD-19 xəstəliyində (əgər virus yuxarı tənəffüs yollarından aşağı tənəffüs yollarına - kiçik bronxlara, alveollara, oradan da damarlara keçirsə) bronx divarlarında iltihabi qalınlaşma, alveollarda iltihab və digər dəyişikliklərlə əlaqədar olaraq oradakı havanın yerinə maye toplanır. Əgər bu proses ağciyərlərdə kiçik sahələri əhatə edirsə yəni, şüaların keçməsinə çox maneə yaratmırsa, rentgen müayinəsində ağciyərlər aldadıcı normal görünə bilər:

"Ağciyərlərdəki havalılığın azalması 20%-dən çox olmalıdır ki, o, rentgen müayinəsində aşkar edilə bilsin. KT müayinəsi isə həssaslığı çox olduğundan həmin o alveollardakı havanın yerinə daxil olmuş az miqdarda maye və iltihabi qalınlaşmaları göstərir. 


İndi görək necə göstərir? Bu dəyişikliklər şüaların bir hissəsinin ağciyərdən keçməsinə mane olur, həmin o maye və qalınlaşmış hissələr şüaların bir hissəsini udur, absorbsiya edir. Bunun nəticəsində əvvəldə qeyd etdiyimiz şəffaflıq təmiz deyil, bulanıq görsənir. Sanki təmiz şüşə kimi yox, buzlanmış şüşə kimi görünür və bu da “buzlu şüşə mənzərəsi” adlanır. Yəni ağciyərlərdə heç bir buzlaşma, kristallaşma getmir! Obrazlı şəkildə belə adlanır!

Proses artıb dərinləşərsə, artıq daha böyük sahəni əhatə edir və alveollardakı mayenin qalınlaşmaların miqdarı və zədələnmiş sahələrin sayı artarsa, o zaman konsolidasiya-Rentgen və KT-də intensiv kölgəliklər görünür. Konsolidasiya-intensiv kölgəliklər görüntüsü “buzlu şüşə mənzərəsi”ndən daha ağır vəziyyətdir".

Geri qayıt