“Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun evindən pul və zinət əşyaları oğurlanıb. Ailə oğrunu yaxalamaq üçün evə kamera yerləşdirib, bəlli olub ki, mənzilə “əl gəzdirən” kənar şəxs deyil, uşaqların dayəsi Gülər Piriyevadır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini 44 yaşlı Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Gülər Piriyeva Vüsalə Bəşirovanın uşaqlarına dayəlik edib, onun mənzilində xadimə işləyib. İşlədiyi iki il ərzində ev sahibinin mənzilindən qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. Ümumilikdə, V.Bəşirovaya 56 min 770 manatlıq ziyan vurub.

 Ev sahibəsinin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan G.Piriyevaya Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda oğurluq etmə) maddəsi ilə ittiham elan edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Gülər Piriyeva ifadəsində 2016-cı ildən etibarən qohumlarının vasitəsilə tanış olduğu Vüsalə Bəşirovanın evində onun uşaqlarına dayəlik etdiyini, sonradan təmizlik işləri ilə məşğul olmağa başladığını, ötən ilin avqust ayına kimi sözügedən mənzildə xadimə işlədiyini deyib: “Ayda 300 manat maaş alırdım. Ev sahibəsi ilə heç vaxt ədavətim, düşmənçiliyim olmayıb. Ötən ilin fevralında yataq otağını təmizləyəndə xalçanın üzərindən bir üzük tapdım. Həmin üzüyü Lənkərana gedəndə “Böyük bazar”da 180 manata satdım”.
Növbəti dəfə mənzildə təmizlik işləri aparan Gülərin əlləri “dinc” dayanmayıb. Bu dəfə gözü çarpayının üzərindəki qara sellofan paketə sataşıb. Tez-tələsik paketi açıb içərisinə baxıb: “Paketin içərisində bir neçə zərf, zərflərdə ağ kağıza bükülmüş dollarlar var idi. Hamam otağına keçdim. Zərfin birinin içərisindən 100-lük dollarlar götürüb alt paltarımda gizlətdim. Qalan pulları isə səliqə ilə yerinə qoydum. Həmin vaxt Vüsalə xanım uşaqları ilə birgə digər otaqda idi”.