“O vaxtadək özümüzü, Azərbaycanımızı və övladlarımızı qorumalıyıq!” - Adil Əliyev


 

“Koronavirus epidemiyasının müharibədən fərqi yoxdur. Bəziləri hətta hazırki epidemiyanı 2-ci Dünya Müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ən ciddi problem hesab edir. Bu dəyərləndirmə ilə razıyam. Misal üçün, ABŞ-da cəmi bir neçə ay ərzində koronavirusdan ölənlərin sayı bu ölkənin 1-ci Dünya Müharibəsində ölən vətəndaşlarının sayından çoxdur. Bu, bir daha bəşəriyyəti qəfil haqlayan virusun yayılma miqyasından xəbər verir”.

Şəffaflıq.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bu fikirlər Milli Məclisin sədr müavini Adil Əliyevə məxsusdur.

Vitse-spiker Azərbaycanın virusla mübarizəyə fevral ayından başladığını qeyd edib: “Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təlimatı ilə zəruri işlər görüldü, ölkəyə virusla mübarizədə zəruri tibbi avadanlıqlar gətirildi, modul tipli xəstəxanaların tikintisinə qərar verildi, maska istehsal edən müəssisələr işə salındı. Dövlət öz üzərinə düşən işləri etməyə çalışdı. Bundan sonrakı mərhələdə vətəndaşlarımız qaydalara riayət etməli idilər. Hamımızdan 3 sadə şərti yerinə yetirmək tələb olunurdu, bu şərtlərə indi də riayət etməliyik:

qapalı yerlərdə maska taxmalı, məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməliyik. Mart və aprel aylarında müəyyən qədər bu qaydalara riayət olundu, ölkədə yoluxma miqyası böyük deyildi. Eyni zamanda, karantin qaydaları da tətbiq edilirdi”.

A.Əliyev qeyd edib ki, ancaq sərt karantin qaydalarını uzatmaq mümkün deyildi, iqtisadiyyat qapalı şəkildə uzun müddət qala bilməz: 

“Ona görə də sərt karantin tədbirlərindən sonra yumşalmaya qərar verildi. Bizdən əvvəl digər dövlətlər də eyni qərarı vermişdilər. Başqa alternativ yox idi. Müəssisələr işləməli, ticarət və iaşə mərkəzləri fəaliyyətlərini davam etdirməli idilər. Ancaq elə bu mərhələdə aydın oldu ki, bir qisim vətəndaşımız yumşalmanı epidemiyanın sonu kimi dəyərləndirərək, maska taxmamağa və başqalarıyla məsafə saxlamamağa üstünlük verdilər. Elə bu mərhələdən başlayaraq yoluxanların sayı artdı”.

Vitse-spiker qeyd edib ki, hazırda vəziyyət göz qabağındadır: “Virus, məcazi mənada desək, ayaq tutub yeriyir. Belə olan halda, dövlət vətəndaşını qorumaq məqsədilə yenə karantin qaydalarını sərtləşdirməyə qərar verdi. Ancaq ciddi karantin qaydalarına nəzarət etməyə məsul olan polisimiz hər bir vətəndaşa nəzarət etmək iqtidarında deyil. İnsan özü məsuliyyətli olmalıdır. Təəssüf ki, qapalı məkanlara, o cümlədən avtobus və supermarketlərə maskasız daxil olanların sayı artıb. Həmin vətəndaşlar anlamalıdırlar ki, onlar özləri ilə yanaşı ətrafdakılar üçün də təhlükə mənbəyinə çevriliblər. Sübut olunub ki, xəstəliyi simptomsuz keçirən və virusa yoluxmasından xəbəri olmayan hər hansı vətəndaş ətrafında onlarla, bəlkə də, yüzlərlə insanı yoluxdura bilər, bu isə həmin insanlardan bir qrupunun ölümünə gətirib çıxaracaq. Ancaq hamı qapalı məkanda maska taxsa və məsafəni qorusa, virusa yoluxmamız riski dəfələrlə aşağı enər. Sual olunur: qaydalara riayət edən vətəndaş niyə məsuliyyətsiz vətəndaşın qurbanına çevrilməli, virusa yoluxmalı və ölümlə savaşmalıdır?”

A.Əliyev bildirib ki, bu şəraitdə dövlətin karantin tədbirlərinin sərtləşdirməsinin tərəfdarıdır: “Aydındır ki, bu tədbirlər virusu tam ortadan qaldırmayacaq. Ancaq hər halda, sərt karantinin tətbiqi və maarifləndirmə işinin gücləndirilməsi hesabına virusun yoluxma sürətini azalda bilərik. Bunun üçün məsuliyyətli olmalı, bir-birimizi qorumalıyıq! Bunu etməyənləri isə hər yerdə tənbeh etməliyik! Marketlərə, avtobuslara və digər qapalı məkanlara maskasız daxil olan şəxslərə iradımızı bildirməliyik! Belə ağır şəraitdə ictimai qınağın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır! Bilməliyik ki, virusa qarşı peyvənd və dərmanın icadı gələn ilin əvvəlinə və ya ortalarına qədər uzana bilər. Həmin müddətə qədər özümüzü, Azərbaycanımızı və övladlarımızı qorumaq məcburiyyətindəyik!”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}