Vüqar Səfərli: "Məqsəd qəzetlərin bağlanması yox..." - Açıqlama

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında Fondun 2019-cu ilin II rübü üçün KİV-lərə maliyyə yardımı müsabiqəsinin elanında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklərin edilməsi bəzi media qurumlarında və sosial şəbəkələrdə reallığı əks etdirməyən yanlış mülahizələrə səbəb olub.

Fondun icraçı direktoru Vüqar Səfərli Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərarla bağlı Trend-ə geniş açıqlama verib.

Bu dəyişikliklərin yeni dövrün obyektiv tələbindən irəli gəldiyini vurğulayan icraçı direktor bildirib ki, Fondun fəaliyyətdə olduğu 10 il müddətində Müşahidə Şurası qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı şərt və meyarlara dövrün tələbindən irəli gələn dəyişikliklər edib:

"Fond yeni yaranarkən KİV-lərə maliyyə yardımının ayrılması üçün müəyyənləşdirilmiş başlıca şərtlərdən biri də qəzetlərin gündəlik tirajının minimum 1500, gündəlik satış və abunəsinin cəminin isə minimum 500 olması idi. Sonrakı mərhələdə qəzetlərin daha da inkişaf etdirilməsi zərurəti ilə bağlı bu şərtlərə yenidən baxıldı.

2011-ci ildə gündəlik satış və tiraj müvafiq olaraq 750 və 2000, 2014-cü ildən etibarən isə yayım 1000, tiraj 2500 müəyyən edildi. Göründüyü kimi, son 5 ildə - 2014-cü ildən Fondun Müşahidə Şurası KİV-lərə maliyyə yardımı müsabiqəsinin şərtlərində tiraj və yayımla bağlı heç bir dəyişiklik etməyib. Lakin internet mediasının sürətlə inkişaf etdiyi hazırkı mərhələdə Fondun maliyyə yardımı ayırdığı qəzetlərin istər məzmun və forma, istərsə də keyfiyyət baxımından müasir tələblərə cavab verməsi üçün şərtlərə yenidən baxılması zərurəti yaranmışdı".

İcraçı direktor Fondun Müşahidə Şurasının son iclasında müsabiqə şərtlərinə edilmiş dəyişikliklər barədə də ətraflı məlumat verib: "Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən, 2019-cu ilin II rübündə Fondun KİV-lərə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.

Eyni zamanda, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması nəzərdə tutulur".

V.Səfərli bildirib ki, Fond maliyyə yardımı ayırdığı qəzetlərin rəhbərlərinə hələ 2018-ci ilin ortalarında yeni ildən tiraj və yayımın minimum həddi ilə bağlı şərtlərə yenidən baxılacağı xəbərdarlığını edib: "Məqsəd hansısa qəzetin bağlanması yox, internet media resurslarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə rəqabətə davamlı, ictimai-siyasi proseslərə, ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılmasıdır. Əlbəttə, 2019-cu ilin II rübündə hansı qəzetlərin Fonddan maliyyə yardımı alacağı müsabiqənin yekununda - mart ayının sonlarında bəlli olacaq. Bunun üçün həmin qəzetlərin müsabiqə edilən gündən sonrakı iki ayda, yəni fevral-mart aylarında müəyyənləşdirilmiş yeni şərtlər çərçivəsində nəşri tələb kimi qoyulub. Əlbəttə, istisna olunmur ki, bu şərtlərə əməl etmək imkanında olmayan aztirajlı və yayımı məhdud qəzetlər maliyyə yardımından kənarda qala bilərlər".

Fondun icraçı direktoru qeyd edib ki, 2019-cu ilin II rübündə tirajı və yayımı müəyyənləşdirilmiş tələblərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması obyektiv reallıqdan irəli gələn qaçılmaz qərar olacaq:

"Müəyyən edilmiş şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması onların fəaliyyətinin effektsizliyi ilə bağlı ola bilər. Biz istəyirik ki, qəzetlərin yaradıcılıq məhsulları daha rahat və asan formada öz oxucularını tapsın. Əgər jurnalistlərin yazdığı yazılar oxucuya çatmırsa, makulaturaya pul xərcləməyin heç bir mənası yoxdur. Əlbəttə, biz maliyyələşdirilməsi dayandırılan aztirajlı KİV-lərin yaradıcı və texniki heyətinin işsiz qalmasının və ixtisara düşməsinin qarşısını almaq məqsədilə həmin KİV-lərin elektron versiyasına dəstək verəcək, onların oxunaqlı internet qəzetinə çevrilməsinə çalışacağıq".

İcraçı direktor onu da bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əlyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və obyektiv şəkildə çatdırılması üçün Fondun əcnəbi dillərdə nəşr olunan media qurumlarına da maliyyə yardımı göstərməsi nəzərdə tutulub:

"Fondun başlıca məqsədlərindən biri də ondan ibarətdir ki, Azərbaycanın həm daxildə, həm də xaricdə təbliğatının gücləndirilməsi, yaşanan proseslərin daha dolğun formada dünya ictimaiyyətinə çatdırılması məqsədilə internet qəzetlərin xarici dillərdə elektron variantının yaradılmasına və yayımına dəstək verək. Bir sözlə, Fond hansısa qəzetlərin bağlanması və onlarda çalışan yaradıcı-texniki heyətin ixtisara salınmasına deyil, əksinə, onların fəaliyyətinin müasir informasiya texnologiyalarına və virtual informasiya məkanına uyğunlaşdırılmasına, fəaliyyətlərinin daha dolğun və səmərəli olmasına çalışır.

Bu, 2019-cu ildə Azərbaycanda möhtərəm Prezidentimizin həyata keçirdiyi idarəçilik sisteminin təkmilləşdirilməsi, dövlət idarəçiliyinin effektivliyinin, dinamikliyinin və mobilliyinin artırılması kursuna tam uyğundur. Düşünürük ki, Fondun elan etdiyi yeni şərtlər çap mediasının inkişafında da yeni mərhələnin başlanğıcı olacaqdır".

Vüqar Səfərli sonda onu da bildirib ki, hazırda Fondun qəzetlərə ayırdığı maliyyə yardımının böyük bir hissəsi onların qəzet kağızı, mətbəə xərcləri, daşıma və yayım xərclərinə sərf olunur: "Odur ki, aztirajlı və çox məsrəfli qəzetlərin internet versiyasının inkişaf etdirilməsinə dəstəyin verilməsi daha səmərəli nəticələr verəcəkdir".




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}