Azərbaycanda zəlzələ gözlənilirmi?

 

Azərbaycanda zəlzələ gözlənilirmi?

Yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətində güclü zəlzələ qeydə alınıb. Kandilli Rəsədxanasının açıqlamasına görə, Zəlzələnin gücü Rixter cədvəli üzrə 6,6, ilkin məlumatda isə 6,8 bal göstərilib. Qonşu ölkələr olan Türkiyə və İran seysmik zonada yerləşir. Azərbaycanda da müəyyən seysmik zonalar var. Lakin Türkiyə və İrandakı seysmik qırılmaların Azərbaycandakı qırılmalarla heç bir əlaqəsi yoxdur. Ona görə də həmin ölkələrdəki zəlzələlərin Azərbaycana hər hansı bir təsiri ola bilməz.

Şəffaflıq.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

“2020-ci ilin ötən dövrləri ərzində Azərbaycanda maqnitudası 3-dən yuxarı olan iki zəlzələ qeydə alınıb. Həmin yeraltı təkanlar yanvarın 13-də Xəzər dənizində və yanvarın 20-də Siyəzəndə baş verib. Zəlzələlərin maqnitudaları müvafiq olaraq 3, və 3.1-ə bərabər olub. Onların heç biri hiss edilməyib. Respublika Seysmoloji Xidmət Mərkəzi maqnitudası 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır. Maqnitudası 3-dən aşağı olan xırda təkanlar isə seysmik cəhətdən aktiv zonalar üçün xarakterikdir. Gün ərzində həmin təkanların sayı bəzən 10-dan çox olur. Bu da litosferin dərin qatlarında gedən proseslərlə bağlıdır. Güclü və zəif, hiss olunan və olunmayan zəlzələlər seysmik ərazilər üçün xarakterikdir. Heç kim əvvəlcədən zəlzələnin olub-olmayacağı ilə əlaqədar dəqiq proqnoz verə bilməz. Bir daha diqqətə çatdırıram ki, bu il ölkəmizdə hiss olunacaq zəlzələ qeydə alınmayıb, xırda təkanların olması isə təbiidir. Təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Qardaş ölkədə baş verən, insan tələfatına və dağıntılara səbəb olan zəlzələyə görə kədərlənirik”, - deyə V.Rafiqqızı bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}