Növbədənkənar parlamentə ən qızğın mübarizə: Arifoğlu, yoxsa Ağazadə? – Sorğu

 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı ən çox müzakirə olunan fairələrdən biri “Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadənin qarşılaşdığı 35 saylı Xətai üçüncü seçki dairəsidir.
Şəffaflıq.az bildirir ki, Axar.az tanınmış media nümayəndələrindən hansı namizədin şansının daha çox olmasını soruşub.
Bakipost.az saytının baş redaktoru Elçin Zahiroğlu:
Həmin dairədən İqbal Ağazadə bir dəfə deputat olub və seçicilərlə də çox yaxşı işləyib. Yaddaqalan, əhalini narahat edən məsələləri Milli Məclis tribunasından cəsarətlə səsləndirməsi ilə yanaşı, həm də seçicilərinin yanında olan, onların ən xırda problemlərinə kimi maraqlanan deputat kimi yadda qalıb. Bu məqam İqbal Ağazadənin “əlini” xeyli gücləndirir.
Amma Rauf Arifoğlu illərdir həmin dairənin sakinidir, rəhbərlik etdiyi media orqanlarında daim ərazinin problemlərini işıqlandırıb, şikayətçi şəxslərə qapısı açıq olub, sakinlərlə sıx təması var. Həmçinin, R.Arifoğlu çox böyük təşkilatçılıq qabiliyyətinə malikdir, əla seçki kampaniyası aparmağı bacarır. Bunu biz 2010-cu il seçkilərində də görmüşük. Bu dəfə onun imkanları daha genişdir, daha yaxşı təşkilatlanıb, seçki kampaniyasına daha maraqlı insanları cəlb edib və daha inamlıdır. Bu baxımdan hesab edirəm, bu dairədə çox maraqlı seçki keçiriləcək. İndiki situasiyada Rauf Arifoğlunu İqbal Ağazadədən şanslı hesab edirəm.
Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət:
Həmin dairənin seçicisi olmasam da, Rauf Arifoğlunu dəstəkləyirəm. Hesab edirəm ki, Rauf bəyin parlamentdə təmsil olunması həm medianın, həm də seçicinin maraqlarına daha uyğundur. İqbal bəy də ciddi siyasətçidir, güclü rəqibdir. Onun da millət vəkili kimi fəaliyyəti qənaətbəxş olub. Dairədə maraqlı və sivil bir rəqabətin gedəcəyinə ümid edirəm. Bununla belə, Rauf bəyin şanslarını daha yüksək dəyərləndirirəm.
Pravda.az saytının baş redaktoru İlkin Pirəli:
Rauf Arifoğlu və İqbal Ağazadə ayrı-ayrı seçki dairələrindən namizəd olsaydılar, hər ikisi qalib gələrdi. Çünki onlarda cəmiyyətlə işləmək səriştəsi var. Amma bir halda ki qarşılaşıblar, Rauf Arifoğlunun şansını daha yüksək qiymətləndirirəm. Çünki təşviqat kampaniyasında media xüsusi rol oynayır. Məncə, prosesin gedişində İqbal Ağazadə Rauf Arifoğlunu dəstəkləyəcək. Ümumilikdə, gedişat onu göstərir ki, Rauf Arifoğlu deputat seçiləcək. Meydan Rauf Arifoğlunundur.
Report-un redaktoru Anar Tağıyev:
Məncə, həmin dairədə İqbal Ağazadə seçiləcək. Əvvəla, ona görə ki, onun seçki təcrübəsi və tərəfdarları daha çoxdur. Üstəlik, siyasi sferada da müəyyən nüfuza malikdir. O ki qaldı dəstəyə, mən İqbal bəyi seçərdim, bu insana hörmətim çoxdur.
Publika.az saytının baş redaktoru Aqil Lətifov:
Fikrimcə, bu dairə ciddi mübarizənin gedəcəyi dairələrdən biri olacaq.
Rauf bəyi daha şanslı görürəm. Bu düşüncəm onun media sahəsində böyük təcrübəyə sahib olması, sözügedən istiqamətdəki təbliğatını yüksək səviyyədə qurması ilə bağlıdır. Eyni zamanda həm media, həm QHT, həm də siyasilərin açıq dəstəyini qazanması və bu dəstəkdən düzgün istifadə etməsi Rauf bəyi İqbal bəydən bir neçə addım önə atır. R.Arifoğlunun elə namizədliyini açıqladığı mərasimdə təbliğatını yüksək səviyyədə quracağının işartılarını aldıq. Mən o dairənin seçicisi olmasam da, oradakı seçicilərin əksəriyyətinin R.Arifoğlunu dəstəkləyəcəyini düşünürəm. Amma təbii ki, bu seçkidir, heç nəyi öncədən dəqiq proqnozlaşdırmaq olmaz.
Şəxsi münasibətimə qalanda, həmkarlıq baxımından Rauf bəyi parlamentdə görmək istəyərdim. Hər iki şəxsə, habelə bu yarışa qoşulan hər bir şəxsə uğurlar arzulayıram. İnşallah, növbədənkənar seçkilər millətimizə, dövlətimizə düşərli olar.
Teleqraf.com saytının baş redaktoru Zahid Nurəliyev:
Artıq indidən bəllidir ki, bu dairə ən maraqlı və gərgin mübarizənin gedəcəyi dairələrin önündə yer alacaq.
Hər iki namizəd – həm Rauf Arifoğlu, həm İqbal Ağazadə kifayət qədər şanslıdır. Rauf Arfioğlu media holdinq rəhbəridir, eyni zamanda uzun müddət siyasi partiya rəhbərliyində təmsil olunub. İqbal Ağazadə isə yalnız siyasi partiya rəhbəridir. Hər iki namizəd yüksək təşkilatçılıq qabiliyyətinə malik olsa da, Rauf Arifoğlu həm də geniş media dəstəyinə arxalana bilər və bu baxımdan onun öndə olacağını və qalib gələcəyini ehtimal edirəm”.
Modern.az saytının əməkdaşı Namidə Bingöl:
35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizədlərin hər ikisi ictimai-siyasi həyatda tanınmış və aktiv şəxslərdir. Həm İqbal Ağazadə, həm də Rauf Arifoğlu öz sferalarında böyük təcrübəyə malikdir. Hər iki namizəd seçilməyə iddialı olduğu qədər, həm də layiqdirlər. İqbal Ağazadənin seçki və deputatlıq təcrübəsi var. Parlamentin aktiv deputatlarından olub. Rauf Arifoğlu isə tanınmış jurnalistdir. Həm də çevik qəzetçilik ənənəsinə sahibdir. Cəmiyyəti narahat məsələləri çox yaxşı görür və analiz etmək qabiliyyətinə malikdir. Ona görə də bu güclü rəqiblər arasında seçim edə bilmirəm.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}