Azərbaycan beynəlxalq miqyasda investor dövlətə çevrilir

 

Beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyaların cəlb edilməsi sayəsində ölkəmizin dünya miqyasında mövqeləri də artmışdır. Məhz “Əsrin müqaviləsi”ndən sonra beynəlxalq aləmdə Azərbaycanın neft ehtiyatlarına iqtisadiyyatına marağı artdı və əlaqələrin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ təmin edildi. “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Azərbaycanın xarici şirkətlər ilə birlikdə hasil etdiyi neftin və qazın xarici bazarlara ixracını təmin etmək üçün nəqliyyat infrastrukturunun inşa edildi. Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlər ilə neftin və qazın nəqlinin Ildən ilə genişlənməsi neft strategiyasının qələbəsi idi. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə coxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlıveriúli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərmsi ilə əlaqədar Azərbaycan, Gürcüstan, Türkiyə ölkələri və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkiúafına təkan verildi.

Müstəqil dövlətin müstəqil iqtisadi maraqları

Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin dahada möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün qərait yarandı. Ötən 29 il ərzində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaqla sosial iqtisadi inkişaf sürətinə görə qabaqcıl ölkələr sırasına çıxmışdı. Azərbaycanın müəyyən etdiyi sosial-iqtisadi inkişaf konsepsiyası iqtisadiyyatın bərpa olunaraq yenidən qurulmasına və yüksək sürətlə inkişaf etməsinə, iqtisadiyyata daxili və xarici mənbələr hesabına kapital qoyuluşunun artımına, valyuta ehtiyatlarının bərpa olunmasına, neft strategiyasının uğurla həyata keçirilməsinə, qeyri-neft sektorunun inkişafına, manatın məzənnəsinin sabitliyinə, dövlətin müdafiə qabiliyyətinin güclənməsinə, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyin təmin edilməsinə, dövlət mülkiyyətinin və torpağın özəlləşdirilməsinə, yeni-yeni müəssisə və iş yerlərinin açılmasına, əhalinin sosial problemlərinin həllinə, yoxsulluğun azaldılmasına, sahibkarlıq subyektlərinin formalaşmasına, əlaqələrinin genişlənməsinə xarici ticarət əlaqələrinin genişlənməsinə təkan vermişdir. Bu iqtisadi inkişaf strategiyası son illərdə çox uğurla inkişaf etmişdir. Ölkə iqtisadiyyatının potensial imkanları daha da yüksəlmiş, ölkədə dayanıqlı və sabit iqtisadi sistem formalaşmış, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilmiş, Respublikamız digər ölkələrdə də iri həcmli investisiya layihələrinin həyata keçirilməsində fəal iştirak etməyə başlamışdır. Müstəqillik dövründə dövlətin funksiya və vəzifələrinin yerinə yetirilməsində xüsusi rolu olan büdcənin idarə olunması üçün beynəlxalq standartlara cavab verən qanunvericilik və normativ hüquqi baza yaradılmış, büdcə xərclərinin konkret tədbirlər əsasında proqnozlaşdırılmasına başlanılmış, dövlət büdcəsinin təkmilləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Bu dövrdə aparılmış büdcə-vergi siyasəti ölkənin prioritetlərini özündə birləşdirən siyasi və sosial-iqtisadi xəttinin həyata keçirilməsinə, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına və güclü maliyyə təminatı yaratmışdır.

Güclü büdcə həm də dövlətin etibarlılığı deməkdir

1991-ci və 2011-ci illər üzrə Azərbaycanın dövlət büdcəsi həyata keçirilən sosial-iqtisadi kurs nəticəsində 2011-ci il dövlət büdcəsinin gəlirləri 1991-ci ilə nisbətən 74,5 min dəfə artaraq 15554,2 mln. manat, dövlət büdcəsinin xərcləri isə 82,9 min dəfə artaraq 15941,2 mln. manat təşkil etmişdir. Sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə 1991-ci ilə nisbətən 41,5 min dəfə çox vəsait ayrılmaqla 2011-ci ildə bu tədbirlərin maliyyələşdirilməsinə 3901,2 mln. manat vəsait nəzərdə tutulmuşdur. Ölkəmizdə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren liderinə çevrilib. Azərbaycanın xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün praqmatik siyasəti ilə Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Xəzər dənizinə xarici sərmayədarları dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların-dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Digər tərəfdən, balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Artıq dünyanın aparıcı dövlətləri ölkəmizi Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Beləliklə, sadalananlardan belə bir qanunauyğun və məntiqi nəticəyə gəlmək olur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib. Beləliklə, makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyasının uğurlu davamı nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir. Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.

Yatırımçı Azərbaycanın beynəlxalq üfüqləri

Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib. Mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. Son illər bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Əksinə, əldə edilən gəlirlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Azərbaycan investor ölkə kimi özünü təsdiq edib. Təbii ki, ölkəmizin nəhəng enerji ehtiyatlarına malik olması və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi çəkisinin artması Azərbaycanı xarici investorlar üçün cəlbedici edib. Azərbaycanın investisiyalara açıq olması, ölkədə münbit biznes mühitinin formalaşdırılması da sərmayədarların marağına səbəb olur. Yəni, qlobal iqtisadi böhranın müşahidə olunduğu dövrün təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biridir. Hazırda ölkəmiz artan iqtisadi imkanları hesabına bu gün bölgə dövlətlərinin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən investor kimi özünü təsdiq edib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında ölkəmiz bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilmiş ölkə kimi səciyyələndirilir. Bu gün Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, Rusiyanın Şimali Qafqaz regionu və digər dövlətlərin sərmayə ba¬zarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirir. Həmin ölkələrin neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək iqtisadiyyatın inkişafına öz töhfəsini verməkdədir. Xaricə sərmayələrin qoyuluşunda Azərbaycan qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərir. Ölkənin valyuta ehtiyatlarının durmadan artması və maliyyə imkanlarının güclənməsi isə Azərbaycanın daha böyük miqdarda xaricdə investisiyalar yatırmasına şərait yaradır ki, bu da ölkəmizin sərmayə bazarında əsas dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarır. Məsələn, Neft Fondu tərəfindən London, Paris və Moskva şəhərlərində ilk daşınmaz əmlak investisiyaları həyata keçirilib. Son illər nüfuzlu beynəlxalq təşkilatların, maliyyə qurumlarının Azərbaycan haqqında hesabatları və rəyləri də bu faktı təsdiqləyir. Məsələn, biznes mühitinin yaxşılaşdırılması sahəsində reallaşdırılan islahatlar, həyata keçirilən səmərəli tədbirlər nəticəsində “Dooing Business” hesabatı Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirib, 2009-cu ildə dərc olunmuş hesabatda ölkəmiz “ən islahatçı” ölkə elan edildi. “Dünya Rəqabətlilik Hesabatı 2012-2013” hesabatına əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.

(ardı var)

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}